Bakı. Trend:
Sentyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunmasına yönəlmiş beynəlxalq texniki yardım proqramı təqdim olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
təşkilatçılığı ilə keçirilən “Ada irsindən Ümumdünya İrsinə”
mövzusunda tədbirdə kiçik ada dövlətlərinin nazirləri, BMT yanında
daimi nümayəndələri, diplomatik korpusun üzvləri və digər yüksək
vəzifəli nümayəndələr iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyi və digər
ekoloji təhdidlərlə üzləşən kiçik ada dövlətlərinin mədəni və təbii
irsinin qorunması üçün onların praktiki imkanlarının
gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi
əhəmiyyət daşıyır.
Azərbaycanın bu sahədə əməkdaşlığa və beynəlxalq həmrəyliyə
sadiqliyini vurğulayan nazir müavini ölkəmizin hər il üç ada
dövlətinə UNESCO-nun Ümumdünya İrs Siyahısına nominasiya prosesinə
hazırlıq çərçivəsində ilkin siyahıların tərtibi üzrə texniki yardım
göstərəcəyini bildirib.
Tədbirdə proqramın ilk pilot mərhələsinin Qvineya-Bisau, Palau və
Dominikan Respublikasını əhatə edəcəyi açıqlanıb.
Çıxış edən Qvineya-Bisau və Palaunun xarici işlər nazirləri, eləcə
də Dominikan Respublikasının yüksək vəzifəli nümayəndəsi
ölkələrinin pilot mərhələyə daxil edilməsinə görə Azərbaycan
hökumətinə təşəkkür ediblər.
Qrenada, Maldiv Respublikası və Baham Adalarının nazirləri də
çıxışlarında proqramı kiçik ada dövlətlərinin ehtiyaclarına cavab
verən, zamanında irəli sürülmüş məqsədyönlü təşəbbüs kimi
qiymətləndiriblər. Müzakirələrə qatılan Almaniya, Türkiyə, Rusiya
və digər ölkələrin nümayəndələri isə proqramın beynəlxalq
tərəfdaşlığın inkişafına və dünya irsinin qorunmasına töhfə
verəcəyini vurğulayıblar.
Tədbirin davamında proqramın icrası ilə bağlı praktiki məsələlər
müzakirə olunub. Proqram çərçivəsində 39 ada dövlətindən 80-dən çox
yerli mütəxəssisin hazırlanması nəzərdə tutulur.
