Bakı. Trend:
"Trans-Caspian Enterprise Fund" özəl sektor tərəfindən əlavə investisiyaların cəlb olunmasına kömək edəcək.
Bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Mark Kameron Nyu-Yorkda Caspian Policy Center (CPC) tərəfindən təşkil olunan yeddinci illik Xəzər Biznes Forumunda bildirib.
Kameron ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə artan əməkdaşlığını, həmçinin Transxəzər Ticarət Marşrutunun gələcək inkişafı ilə açılan imkanları qeyd edib.
“Mən karyeramın əhəmiyyətli hissəsini ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin inkişafına həsr etmişəm və buna görə də Transxəzər Ticarət Marşrutunun böyük əhəmiyyətini və onun inkişafı üçün yeni imkanları başa düşürəm. ABŞ-ın regiona diqqəti hazırda görünməmiş dərəcədə yüksək səviyyədədir və bunun səbəbini anlamaq çətin deyil. Ümumi mövzu əldə edilə biləcək nəticələrlə bağlı nikbinlikdir”, — deyə Kameron bildirib.
O, C5+1 formatını və ABŞ-ın region ölkələri ilə kommersiya əlaqələrinin genişlənməsini bu münasibətlərin mühüm elementləri kimi qeyd edib.
Kameron həmçinin fəaliyyətə yeni başlayan "Trans-Caspian Enterprise Fund" fondunun regionda əlavə özəl investisiyaların səfərbər edilməsi mexanizmi kimi əhəmiyyətini vurğulayıb.
“"Trans-Caspian Enterprise Fund" özəl qeyri-kommersiya təşkilatıdır və ABŞ hökumətinin qrant resurslarından strateji şəkildə istifadə edəcək. Bununla yanaşı, fond yüksək potensiala malik layihələrin kommersiya baxımından səmərəliliyini nümayiş etdirmək və əlavə özəl sektor investisiyalarının cəlb olunması üçün katalizator rolunu oynamaq məqsədi daşıyır”, — deyə Kameron bildirib.
Kameron həmçinin Qazaxıstanı və Azərbaycanı birləşdirən Transxəzər fiber-optik kabelinin tikintisinin başa çatmasını alqışlayıb və bunun rəqəmsal bağlantının genişləndirilməsi və texnologiya sektoruna investisiyalar üçün yaratdığı imkanları qeyd edib.
Daha geniş kontekstdə o, ABŞ ilə Mərkəzi Asiya arasında qarşılıqlı kommersiya əlaqələrinin inkişafını qeyd edib.
“Biz Mərkəzi Asiya ölkələrinin amerikalı investorları getdikcə
daha fəal şəkildə cəlb etdiyini görməkdən məmnunuq və bəzi Mərkəzi
Asiya ölkələrinin artıq ABŞ-a da investisiya yatırmasından şadıq”,
— deyə Kameron bildirib.
