Bakı.Trend:
İngiltərənin Falmaus limanı yaxınlığında partlamamış İkinci Dünya müharibəsi bombası olduğu ehtimal edilən sursat aşkarlanıb. Yaxın çevrədə olan 300-dən çox evin boşaldılması ilə bağlı qərar qəbul edilib.
Bu barədə “Independent” nəşri yazır.
250 kiloqramlıq Amerika istehsalı sursat olduğu ehtimal edilən bomba bazar ertəsi aşkarlanıb. Bundan sonra ərazi ətrafında 750 metrlik təhlükəsizlik zonası yaradılıb.
Hərbi Partlayıcı Sursatların Zərərsizləşdirilməsi bölməsinin əməkdaşları hazırda bombaya yerində baxış keçirirlər. Devon və Kornuoll Polis İdarəsi və Kornuoll Şurası bombanın idarə olunan detonasiya yolu ilə zərərsizləşdirilməsi üçün dənizə aparılmasının nəzərdə tutulduğunu bildiriblər.
