Bakı.Trend:
Vaşinqtonda Orta Dəhlizin inkişafı və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) məlumatına görə, müzakirələr USACC və Amerika-Gürcüstan Biznes Şurasının Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Reyçel Praysla keçirdiyi dəyirmi masa çərçivəsində aparılıb.
“Müzakirələr zamanı əsas diqqət marşrutun etibarlılığının artırılması üçün zəruri olan investisiyalara və əməliyyat təkmilləşdirmələrinə, o cümlədən dəmir yolu və liman əlaqələrinin gücləndirilməsinə, sərhəd prosedurlarının səmərəliliyinin artırılmasına, logistika sahəsində koordinasiyanın və rəqəmsallaşdırmanın təkmilləşdirilməsinə yönəldilib”, - deyə məlumatda bildirilib.
Vurğulanır ki, bu tədbirlər dəhlizə artan marağın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa ölkələrində ticarət və investisiya imkanlarına çevrilməsinə şərait yarada bilər.
Qeyd edək ki, Azərbaycan Orta Dəhliz boyunca yerləşən tərəfdaş ölkələrlə nəqliyyat əlaqələrinin gücləndirilməsi, sərhəd-keçid prosedurlarının optimallaşdırılması və rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi məqsədilə fəal əməkdaşlıq edir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və yeni logistika mərkəzləri marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
Hazırda Bakı Limanının genişləndirilməsi həyata keçirilir və bunun nəticəsində limanın yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur.
Orta Dəhlizdə aparılan islahatların ən mühüm nəticələrindən biri yüklərin daşınma müddətinin əhəmiyyətli dərəcədə azalması olub. Bir neçə il əvvəl Çin-Avropa marşrutu üzrə yüklərin çatdırılması 38-53 gün çəkirdisə, hazırda bu müddət orta hesabla 12 gün təşkil edir. Müddətin bu qədər azalması elektron icazələrin və e-TIR, e-CMR də daxil olmaqla rəqəmsal alətlərin tətbiqi, yüklərin real vaxt rejimində izlənilməsi, gömrük və sərhəd prosedurlarının optimallaşdırılması, eləcə də dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi sayəsində mümkün olub.
Dünya ticarətinin getdikcə daha çevik, şaxələndirilmiş və çoxqatlı xarakter aldığı bir şəraitdə Orta Dəhliz formalaşmaqda olan Avrasiya ticarətinin arxitekturasının əsas elementlərindən birinə çevrilmək üçün tarixi imkan əldə edir.
Marşrut xəritədə iki nöqtəni birləşdirən sadə tranzit arteriyası çərçivəsindən tədricən çıxaraq daha geniş iqtisadi ekosistemə çevrilir, genişlənən şəbəkə boyunca yeni ticarət axınlarını, investisiyaları, infrastruktur layihələrini və logistika xidmətlərini özünə cəlb edir.
