Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

İqtisadiyyat Sənəd 23 Sentyabr 2026 10:43 (UTC +04:00)
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dağ-mədən (metal filizləri) sənayesi üzrə geoloji məlumatların rəqəmsallaşdırılması və vahid elektron informasiya ehtiyatında sistemləşdirilməsi nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən biri dağ-mədən (metal filizləri) sənayesi üzrə geoloji məlumatların rəqəmsallaşdırılmasıdır. Sənəddə qeyd olunan tədbirin 2027–2028-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Tədbirin icraçıları sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İqtisadiyyat Nazirliyi (İN), “AzerGold” QSC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) göstərilib.

Dövlət Proqramına əsasən, ilkin mərhələdə Dövlət Geoloji İnformasiya Fondunda mövcud məlumatların inventarlaşdırılması həyata keçiriləcək. Daha sonra rəqəmsallaşdırılacaq məlumatların prioritetləşdirilməsi aparılacaq və bu proses üzrə texniki tələblər müəyyən ediləcək.

Növbəti mərhələdə prioritet geoloji məlumatların mərhələli şəkildə rəqəmsallaşdırılması, təsnifləşdirilməsi və vahid elektron geoloji informasiya ehtiyatında sistemləşdirilməsi nəzərdə tutulur.

Sənəddə qeyd olunur ki, nəticədə rəqəmsallaşdırılmış geoloji məlumatları əhatə edən vahid elektron geoloji informasiya ehtiyatı formalaşdırılacaq və istifadəyə veriləcək.

Bu tədbirin əsas məqsədlərindən biri geoloji məlumatların daha əlçatan və sistemli formada istifadəsini təmin etməkdir. Eyni zamanda, mövcud məlumatların elektronlaşdırılması dağ-mədən sektorunda geoloji informasiyanın idarə olunması, məlumatların axtarışı və istifadəsi imkanlarının təkmilləşdirilməsinə şərait yarada bilər.

Dövlət Proqramında nəzərdə tutulan bu tədbir çərçivəsində geoloji məlumatların rəqəmsal mühitə keçirilməsi ilə yanaşı, onların vahid informasiya sistemində strukturlaşdırılması da planlaşdırılır. Bu isə müxtəlif mənbələrdə olan geoloji məlumatların vahid elektron resursda toplanmasına imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti