Bakı. Trend:
Yaponiyanın əsas adası olan Honsyunun Sakit okean sahilinin mərkəzi hissəsi boyunca sentyabrın 20-də keçən “Ducjuan” tayfununun fəsadları nəticəsində doqquz nəfər ölüb, dörd nəfər itkin düşmüş hesab olunur.
Bu barədə Tokionun qonşuluğunda yerləşən və ən çox zərər çəkən Kanaqava və Çiba prefekturalarının polisi məlumat verib.
Həlak olanların əksəriyyəti güclü leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrinin qurbanı olub. Bəzi şəxslər isə su basmış ərazilərdə su tələsinə düşən avtomobillərində boğulublar.
Torpaq sürüşmələri nəticəsində 500-dən çox yaşayış evinə ciddi ziyan dəyib. İki prefekturada 25 min təsərrüfat elektrik enerjisiz qalıb. Regionun yollarında hələ də yüzdən çox su basmış və mühərriki sönmüş avtomobil qalır.