Bakı. Trend:
“Çovdar” qızıl mədəninin istismar müddəti 2032-ci ilədək uzadılıb.
Bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsinə həsr olunmuş müşavirədə bildirib.
O xatırladıb ki, 2016-cı ildə Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənində fəaliyyətə başlanıldı və növbəti ilin aprel ayında gümüş-qızıl xəlitənin ilk ixracı həyata keçirildi: "Həmin dövrdə yatağın çıxarıla bilən qızıl ehtiyatı 179 min unsiya qiymətləndirilirdi və istismar müddətinin 2021-ci ildə başa çatacağı proqnozlaşdırılırdı. Sonrakı illərdə aparılan optimallaşdırma və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində ehtiyatlar 1,02 milyon unsiyaya çatdırıldı, istismar müddəti isə ən azı 2032-ci ilədək uzadıldı. “Mərəh”, “Ağyoxuş”, “Tülallar” və “Çovdar” yataqlarından filizin emalı vahid istehsal mərkəzində – Çovdar İnteqrə olunmuş Regional Emal Sahəsində birləşdirildi. Bununla uzunmüddətli və səmərəli istehsal davamlılığı təmin edildi".
Z. İbrahimov bildirib ki, növbəti illərdə şirkətin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirildi: "Əlvan metallarla yanaşı, qara metal filizləri üzrə fəaliyyətə keçid təmin edildi və bu məqsədlə “Daşkəsən Dəmir Filiz” MMC yaradıldı. “AzerBlast” MMC isə sənaye partlayıcı maddələrin istehsalı və satışı üzrə fəaliyyətə başladı.
Geoloji kəşfiyyatda hiperspektral peyk çəkilişləri və aeroelektromaqnit tədqiqatlar kimi müasir texnologiyalar tətbiq edilərək yeni perspektivli sahələr müəyyənləşdirildi və bu proses davam edir".
Z. İbrahimov qeyd edib ki, “AzerGold”un 2024-cü ildə gəlirləri və yerli banklardan cəlb edilmiş vəsait hesabına qurulan çəndə qələviləşdirmə zavodu tam gücü ilə istismara verildi və bununla da “Çovdar” yatağının sulfid filizlərinin emalı təşkil edildi.
"Həmin ildən, eyni zamanda, “AzerGold” Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövləti təmsil etmək səlahiyyətlərini də həyata keçirməyə başladı", - deyə o əlavə edib.
