Bakı. Trend:
İntizam pozuntularına görə bir vəkil Vəkillər Kollegiyasından xaric edilib, iki vəkilə isə töhmət verilib.
Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, qərarlar sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qəbul olunub.
İclasda Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə edilib. Daha iki vəkilin diqqətinə gələcək peşə fəaliyyətlərində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etmələrinin zəruriliyi çatdırılıb.
İclası açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti, son dövrdə görülən işlər və qarşıdakı prioritetlər barədə məlumat verib.
Gündəlik çərçivəsində ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlimi uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib və ona vəsiqə təqdim olunub.
Rəyasət Heyəti bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması və üzvlük haqqının ödənilməsindən müəyyən müddətə azad olunması barədə müraciətlərə də baxaraq müvafiq qərarlar qəbul edib.
Bundan əlavə, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinə “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XII və Milli Məhkəmə Müsabiqəsinin XVI buraxılışlarının keçirilməsi üçün 3 000 manat maddi dəstək ayrılması qərara alınıb. “Feniks” Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciət də müsbət həll olunub.
İclasın sonunda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari məsələlər müzakirə edilib.
