Orta Dəhliz Çinlə Avropa arasında nəqliyyat bağlantılarının şaxələndirilməsinə töhfə verir - IRU

İqtisadiyyat Xəbər 23 Sentyabr 2026 13:00 (UTC +04:00)
Orta Dəhliz Çinlə Avropa arasında nəqliyyat bağlantılarının şaxələndirilməsinə töhfə verir - IRU
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhliz Çin ilə Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verir.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatına görə, IRU-nun baş katibi Həbib Turki Mərkəzi və Şərqi Avropa ölkələri ilə Çin arasında logistika sahəsində əməkdaşlığa dair Konfransda bildirib ki, prosedurların uyğunlaşdırılması, dövlət və özəl sektorlar arasında daha sıx əməkdaşlıq Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında ticarətin daha da artmasına şərait yarada bilər.

"İstənilən ayrı-ayrı texnologiyadan daha çox logistika sənaye potensialını ümumi rifaha çevirir. Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında müasir nəqliyyat dəhlizlərimiz son onillik ərzində formalaşıb. Bu gün yük maşınları bir neçə sərhədi keçərək qiymətli yükləri hər iki istiqamətdə daşıyır. Hər bir yük maşını avtomobil nəqliyyatının təmin etdiyi təchizat zəncirlərinin çevikliyini və dayanıqlığını artırır, eyni zamanda ticarətin, iqtisadi inkişafın və rifahın yüksəlməsinə töhfə verir", - deyə H.Turki bildirib.

Məlumatda qeyd olunur ki, IRU üç onillikdən artıqdır Çin ilə Avropa arasında avtomobil yükdaşımalarının inkişafını dəstəkləyir: "Bu gün TIR sistemində qeydiyyatdan keçmiş 3 700-dən çox nəqliyyat vasitəsi Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzərindən 60-dan çox sərhədi keçərək 120-dən artıq marşrutla Çindən Mərkəzi və Şərqi Avropa ölkələrinə yükdaşıma həyata keçirir".

IRU bildirir ki, bu ilin əvvəlində Çində TIR sisteminin tətbiq dairəsi genişləndirilib və artıq elektron ticarəti, eləcə də gömrük nəzarəti altında olan malları əhatə edir. Bu isə sistemi tamamilə yeni ticarət növləri üçün əlçatan edib.

Qeyd olunur ki, üstünlüklər artıq daha aydın görünməyə başlayıb. Məsələn, TIR sistemi çərçivəsində gömrük tranziti rejimindən istifadə etməklə Çindən Azərbaycana malların daşınması hazırda 15 gün çəkə bilər ki, bu da analoji dəniz daşımaları üçün tələb olunan müddətdən iki dəfə azdır.

IRU-nun məlumatına görə, gələcək artım prosedurların sadələşdirilməsi istiqamətində işlərin davam etdirilməsindən asılı olacaq: Çinin əsas sərhəd-keçid məntəqələrində TIR "Yaşıl dəhlizləri" artıq TIR yük maşınlarının prioritet qaydada keçidini təmin edir, ölkə üzrə 11 yardım məntəqəsi isə logistika operatorlarına "bir pəncərə" prinsipi ilə xidmət göstərir.

"Dövlət və özəl sektorlar arasında əməkdaşlıq məhz bunu təmin edir: kağız üzərindəki standart və qaydaları malların hərəkətini və ticarətin artımını təmin edən işlək dəhlizə çevirir", - deyə Həbib Turki bildirib.

IRU-nun məlumatına görə, potensial əhəmiyyətlidir: "Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında ticarətin həcmi 2025-ci ildə 161,5 milyard ABŞ dollarına çatıb və ardıcıl olaraq onuncu il artıb. 2026-cı ilin ilk yarısında isə daha 11 faiz artım qeydə alınıb".

Qeyd olunur ki, Həbib Turki təchizat zəncirlərinin dayanıqlığının artırılmasında avtomobil nəqliyyatının rolunu da vurğulayıb:

"Geosiyasi sarsıntılar, təbii fəlakətlər və ya digər böhranlar mövcud nəqliyyat dəhlizlərinə təsir göstərdiyi təqdirdə yük maşınlarının marşrutlarını qısa müddətdə dəyişmək mümkündür".

Qeyd edilir ki, Orta Dəhliz nəqliyyat marşrutlarının şaxələndirilməsinin Çin ilə Avropa arasında alternativ əlaqələri necə təmin edə biləcəyinin bariz nümunəsidir.

IRU-nun məlumatına görə, TIR sistemi malların vahid beynəlxalq gömrük zəmanəti altında bir neçə ölkə ərazisindən daşınmasına imkan verməklə, sərhədlərdə gecikmələri və inzibati prosedurları azaltmaqla dəhlizi daha da gücləndirir.

"Transsərhəd daşımalar mahiyyət etibarilə çoxsaylı qaydaların, sistemlərin və iş üsullarının bir-biri ilə əlaqəsini nəzərdə tutur. Nəqliyyat dəhlizlərinin vəzifəsi bu qayda və prosesləri uyğunlaşdırmaqdır.

IRU Çində və Mərkəzi və Şərqi Avropanın hər bir ölkəsində üzvlərinin və bütün avtomobil daşıyıcıları icmasının adından malların və təchizat zəncirlərinin sürətli, səmərəli və təhlükəsiz şəkildə daşınmasını davam etdirməsinə sadiqdir. Qarşıda uzun yol var. Lakin nə qədər uzun olmasından asılı olmayaraq, hər bir böyük yol onu birlikdə qət etməyə hazır olanlarla başlayır", - deyə H.Turki yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti