Azərbaycanla Çin arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Siyasət Xəbər 23 Sentyabr 2026 19:41 (UTC +04:00)
Azərbaycanla Çin arasında 50-yə yaxın birgə layihə həyata keçirilir
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycan və Çin arasında 50-yə yaxın birgə layihə həyata keçirilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

O bildirib ki, 1995-ci ildən başlayaraq Çindən Azərbaycana 976 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb. Eyni zamanda, Azərbaycanın Çinə yatırdığı sərmayələrin ümumi həcmi 1,9 milyard dollar təşkil edib.

"Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında getdikcə daha geniş təmsil olunması da investisiya əməkdaşlığımızın inkişafının mühüm göstəricisidir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələri daxil olmaqla Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında 455 Çin şirkəti aktiv fəaliyyət göstərir. Hazırda Çin iri şirkətləri ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 50-yə yaxın birgə layihə həyata keçirilir", - deyə Şahin Mustafayev qeyd edib.

Baş nazirin müavini nəqliyyat-tranzit sahəsinin Azərbaycan-Çin əməkdaşlığında xüsusi yer tutduğunu vurğulayıb.

"2026-cı ilin ötən 8 ayında tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 272,6 min ton təşkil edib. Azərbaycan hələ 2015-ci ildə Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə ilk qoşulan ölkələrdən olub. Bu təşəbbüs çərçivəsində Şərq ilə Qərb arasında müasir nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində fəal əməkdaşlıq həyata keçirilir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu baxımdan Orta Dəhlizin inkişafı və onun imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

"Çin, Mərkəzi Asiya, Azərbaycan və Avropanı birləşdirən bu marşrut üzrə yükdaşımaların həcminin artırılması və tranzitin səmərəliliyinin yüksəldilməsi üçün geniş imkanlar mövcuddur. Orta Dəhlizin artan yük axınlarına uyğunlaşdırılması məqsədilə Azərbaycan öz ərazisində nəqliyyat və logistika infrastrukturlarının inkişafına ardıcıl sərmayələr yatırır, mühüm infrastruktur layihələri həyata keçirir", - deyə Şahin Mustafayev qeyd edib.

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində ötən gün Qlobal Dayanıqlı Nəqliyyat Forumu 2026, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksəksəviyyəli görüşdə iştirak edib.

"Bu çərçivədə Orta Dəhlizin Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyəti, Azərbaycan və Çin arasında nəqliyyat-tranzit və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi bir daha vurğulanıb", - deyə o bildirib.

Şahin Mustafayev Azərbaycan-Çin qarşılıqlı faydalı əməkdaşlığının mühüm istiqamətlərindən birinin də yaşıl enerji sahəsi olduğunu diqqətə çatdırıb.

"Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılmasında Çin mühüm tərəfdaşlardan biri kimi çıxış edir. Çinin qabaqcıl texnologiya imkanları və zəngin təcrübəsi bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaradır", - deyə Baş nazirin müavini vurğulayıb.

O, ikitərəfli münasibətlərin çoxşaxəli xarakterinin humanitar və mədəni əlaqələrin inkişafında da özünü aydın şəkildə göstərdiyini bildirib.

Baş nazirin müavini təhsil sahəsində də əlaqələrin ardıcıl şəkildə genişləndiyini vurğulayıb.

"Qarşılıqlı tələbə mübadiləsi çərçivəsində Azərbaycan vətəndaşları Çində, Çin vətəndaşları isə ölkəmizin ali təhsil müəssisələrində təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində Çin dili və ədəbiyyatının tədrisi bu sahədə əlaqələrimizin yüksək inkişaf dinamikasının bariz göstəricisidir", - deyə o bildirib.

Şahin Mustafayev turizm sahəsində əlaqələrin də son illərdə dinamik şəkildə genişləndiyini qeyd edib.

"2025-ci ildən vizasız rejimin qarşılıqlı tətbiq olunması turizm əlaqələrinin genişlənməsinə mühüm təkan verib. Ötən il Azərbaycana səfər edən Çin turistlərinin sayı 42 faiz, Azərbaycandan Çinə turist axını isə 85 faiz artıb", - deyə Baş nazirin müavini bildirib.

O əlavə edib ki, regionlararası əlaqələr də ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib.

"Azərbaycan və Çinin bir sıra şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq münasibətləri qurulub", - deyə Şahin Mustafayev qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti