Bakı. Trend:
Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizlik gündəliyinin ən müxtəlif istiqamətlərinin müzakirə olunduğu genişmiqyaslı platformadır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir. Ümumilikdə 600-ə yaxın yüksək səviyyəli nümayəndənin Bakıya toplaşması forumun miqyasını və təhlükəsizlik məsələləri üzrə dialoqa olan ehtiyacı göstərir. Bununla da, Bakı beynəlxalq təhlükəsizlik dialoqunda yeni platforma formalaşdırır.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, forumun əsas mövzusu da təsadüfi seçilməyib. "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusu bu gün dövlətlərin qarşılaşdığı problemlərin artıq bir ölkənin və ya bir regionun sərhədləri daxilində qalmadığını göstərir. Terrorçuluq, transmilli cinayətkarlıq, narkotik və qanunsuz silah dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və yeni texnologiyaların təhlükəsizlik sahəsində yaratdığı risklər ölkələr arasında daha sıx əməkdaşlığı zəruri edir.
"Məhz bu baxımdan Bakının belə bir forumun görüş məkanı olması xüsusi əhəmiyyət daşıyır. Dördüncü dəfə keçirilən tədbirin iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi artıq forumun davamlı format aldığını göstərir. İlk növbədə, müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərlərinin eyni məkanda bir araya gəlməsi birbaşa peşəkar dialoq üçün imkan yaradır. Burada söhbət yalnız çıxışlardan deyil, fərqli ölkələrin təhlükəsizlik təcrübələrinin müqayisəsindən, mövcud problemlərin müzakirəsindən və mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsindən gedir.
Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində bu məqamı xüsusi qeyd edib: "Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir". Bu fikir forumun bugünkü miqyasının əsas xüsusiyyətlərindən birinə diqqət çəkir. İştirakçıların geniş coğrafiyası həm müxtəlif regionların təhlükəsizlik gündəliyinin eyni platformada müzakirəsinə, həm də ölkələr arasında birbaşa əlaqələrin inkişafına şərait yaradır", - o bildirib.
A.Qarayev qeyd edib ki, forumun miqyasını və əhəmiyyətini göstərən diqqətçəkən məqamlardan biri də Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın tədbirdə iştirakı olub.
"Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir mərhələdə Ermənistanın yüksək səviyyəli təhlükəsizlik rəsmisinin Bakıda belə bir beynəlxalq tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu fakt forumun yalnız müxtəlif ölkələrin xüsusi xidmətləri arasında peşəkar əlaqələr üçün deyil, regionda təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi üçün də imkan yaradan platformaya çevrildiyini göstərir", - politoloq bildirib.
Onun sözlərinə görə, forumun digər mühüm tərəfi isə təhlükəsizlik anlayışının dəyişən məzmununun müzakirə olunmasıdır.
"Bu gün təhlükəsizlik yalnız dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmır. Enerji və ərzaq təhlükəsizliyi, nəqliyyat və kommunikasiya xətləri, bank sistemi, informasiya məkanı və kritik infrastruktur da dövlətlərin dayanıqlılığı ilə birbaşa bağlıdır. Dünyanın bir hissəsində baş verən böhran digər regionlara qısa müddətdə təsir göstərə bilər. Bu səbəbdən müxtəlif təhlükələrə ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli proseslər kimi yanaşmaq getdikcə daha vacib olur.
Prezident İlham Əliyevin müraciətində başqa bir məqam da məhz buna aiddir. Prezident İlham Əliyev vurğulayıb ki, "təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır". Bu yanaşma forumun gündəliyinin mahiyyətini də izah edir. Çünki kibercinayətkarlıq və terror şəbəkələri, maliyyə kanalları və informasiya texnologiyaları dövlət sərhədlərini nəzərə almadan fəaliyyət göstərə bilir. Buna görə də təhlükəsizlik orqanları arasında operativ məlumat mübadiləsi və koordinasiya artıq əlavə imkan deyil, real ehtiyacdır", - o bildirib.
Politoloq vurğulayıb ki, süni intellekt və digər müasir texnologiyaların sürətli inkişafı təhlükəsizlik gündəliyinə yeni suallar gətirir.
"Bu texnologiyalar bir tərəfdən dövlətlərin təhlükəsizlik imkanlarını genişləndirir, digər tərəfdən isə terrorçu və cinayətkar şəbəkələr tərəfindən sui-istifadə oluna bilər. Forumda bu kimi məsələlərin müzakirəsi təhlükələrin yalnız nəticələri ilə deyil, onların yaranma mexanizmləri ilə bağlı fikir mübadiləsinə də imkan verir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, müxtəlif regionlardan gələn təhlükəsizlik qurumlarının eyni platformada görüşməsi ortaq problemlərin müəyyənləşdirilməsi, təcrübə mübadiləsi və əlaqələrin inkişafı üçün əlavə imkan yaradır. 2023-cü ildən etibarən keçirilən Bakı Təhlükəsizlik Forumu artıq bu dialoqun davamlı formatını formalaşdırır.
"IV Bakı Təhlükəsizlik Forumunun əsas əhəmiyyəti məhz onun miqyası ilə məzmununun üst-üstə düşməsindədir. Dünyada risklərin bir-birinə daha sıx bağlandığı bir vaxtda belə platformalar ölkələrə ortaq təhlükələri birlikdə qiymətləndirmək və praktiki əməkdaşlıq imkanlarını genişləndirmək şəraiti yaradır. Bakı isə bu prosesdə sadəcə tədbirə ev sahibliyi edən şəhər kimi deyil, müxtəlif təhlükəsizlik qurumlarını bir araya gətirən və qlobal gündəlik üzrə birbaşa dialoqa imkan verən platforma kimi mövqeyini möhkəmləndirir. Forumun ildən-ilə genişlənən coğrafiyası da bu rolun artıq davamlı xarakter aldığını göstərir", - politoloq əlavə edib.
