Bakı. Trend:
Bir gündə 22 “.az” domenli sayta kiberhücum edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı “.az” domen zonasında çoxsaylı veb-saytın icazəsiz dəyişdirilməsi — “defacement” hadisələri müəyyən olunub. Araşdırma nəticəsində eyni gündə 22 domenin “Xscyth3” adlı kiberdələduzun hücumuna məruz qaldığı aşkarlanıb.
Hədəfə alınan saytların böyük hissəsi turizm, tur operatorluğu, transfer, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanda səyahət xidmətləri ilə bağlı olub.
MKA-nın məlumatına görə, hadisələrin eyni vaxtda baş verməsi və oxşar xarakter daşıması onların ortaq texniki və ya inzibati infrastrukturla əlaqəli ola biləcəyini göstərir.
Texniki yoxlama zamanı domenlərin bir hissəsində ortaq qeydiyyat məlumatlarından istifadə edildiyi müəyyənləşdirilib. Bəzi domenlərdə “[email protected]” elektron poçt ünvanı və “Azerbaijan Travel International” təşkilat adı qeydə alınıb. Həmçinin 19 domenin “AS47583 / AS-HOSTINGER” şəbəkəsində yerləşdiyi, həmin domenlərdə eyni ad serverlərindən və “hcdn” server göstəricisindən istifadə olunduğu aşkarlanıb.
Agentlik bu göstəriciləri hədəflənən domenlər arasında ortaq infrastruktur və ya idarəetmə əlaqələrinin mümkünlüyünə işarə edən indikatorlar kimi qiymətləndirib.
MKA sayt sahiblərinə təhlükəsizlik auditi və insident araşdırması aparmağı, məzmun idarəetmə sistemini (CMS), plaginləri və digər komponentləri yeniləməyi tövsiyə edib. İnzibatçı hesablarının parollarının dəyişdirilməsi, çoxfaktorlu autentifikasiyanın tətbiqi, server və tətbiq loqlarının təhlili, zəifliklərin aradan qaldırılması və davamlı təhlükəsizlik monitorinqinin təşkili də tövsiyələr sırasındadır.
