Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək - Vüqar Rəhimzadə

Siyasət Rəy 23 Sentyabr 2026 14:12 (UTC +04:00)
Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək - Vüqar Rəhimzadə
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-neft sektorunun inkişafı dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əsas amillərdən biridir. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəflərdən biri iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasıdır. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi, bununla bağlı Dövlət Proqramları təsdiqləndi. Sentyabrın 22-də Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu məqamlara xüsusi diqqət yönəldildi. Belə ki, Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib.

Müşavirənin əhatə etdiyi sahəni nəzərə alsaq, Prezident İlham Əliyev qarşıdakı dövr üçün icrası nəzərdə tutulan “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın Azərbaycana vəd edəcəyi nailiyyətlərdən də geniş bəhs etdi. Vurğuladı ki, bu sahə ölkə iqtisadiyyatı, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialında mühüm yer tutan və xüsusilə qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək istiqamətlərdəndir. Ölkəmizin zəngin mineral-xammal ehtiyatları, sənaye potensialı və mövcud imkanları bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişaf etdirilməsi, ilk növbədə, ölkənin zəngin təbii resurslarından daha səmərəli istifadə olunmasına, mövcud mineral-xammal bazasının iqtisadi dövriyyəyə cəlb edilməsinə və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə imkan verəcək. Eyni zamanda, yeni layihələrin həyata keçirilməsi ölkədə müasir sənaye müəssisələrinin yaradılması və istehsal imkanlarının genişləndirilməsi üçün əlavə şərait formalaşdıracaq.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, qarşıdakı illərdə bu sahənin inkişafı dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olacaq. Uzun müddət ərzində müxtəlif səbəblərdən bu potensialdan tam istifadə etmək mümkün olmayıb. Prezident İlham Əliyev bunun obyektiv və subyektiv səbəblərini diqqətə çatdırdı. İşğal faktoru Azərbaycanın bir sıra mühüm mineral yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsinə ciddi maneələr yaradıb. İşğal dövründə Azərbaycanın təbii ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı da ölkənin mineral resurs potensialından istifadəyə mane olan amillərdən biri olub. Prezident İlham Əliyev müşavirədəki çıxışında bildirdi ki, təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur.

Təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işlərinin aparılmasına baxmayaraq o zaman sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan qeyd olunan sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi. Ona görə də bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edilir. Birinci, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınmasıdır. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Prezident İlham Əliyev vurğuladı ki, Ağdərə rayonunda artıq işlərə başlanılıb. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq.

Millət vəkili bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə suverenliyin və təhlükəsizliyin təmin olunması bu resursların yenidən araşdırılması və iqtisadi dövriyyəyə cəlb edilməsi üçün yeni imkanlar açıb. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları regionun sosial-iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevriləcək. Reallıq budur ki, dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biridir. Qarşıya qoyulan əsas məqsəd yalnız mövcud yataqların istismarı ilə kifayətlənmək deyil, həm də bu sahədə müasir və dayanıqlı sənaye sisteminin formalaşdırılmasıdır. Bunun üçün təbii resursların araşdırılması, hasilatı, emalı və son məhsula çevrilməsi mərhələlərinin bir-biri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Burada əsas məsələ yalnız yataqların istismarı deyil. Daha mühüm hədəf hasil olunan xammalın ölkə daxilində emal edilməsi, zənginləşdirilməsi və son məhsula qədər tam istehsal zəncirinin yaradılmasıdır. Belə yanaşma həm əlavə dəyərin ölkə daxilində formalaşmasına, həm də sənaye potensialının gücləndirilməsinə imkan verəcək. Dağ-mədən sənayesinin inkişafı yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı, məşğulluq imkanlarının genişlənməsinə də şərait yaradacaq. 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması da sektorun sosial-iqtisadi əhəmiyyətini göstərir.

Vüqar Rəhimzadə mühüm istiqamətlərdən biri kimi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsinə də diqqəti yönəldib. Bildirib ki, Prezident İlham Əliyev çıxışında Naxçıvan Muxtar Respublikasını da perspektivli ərazilərdən biri kimi qeyd etdi. Vurğuladı ki, Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq.

Müasir texnologiyalardan istifadə etməklə yeni yataqların müəyyənləşdirilməsi Azərbaycanın mineral-xammal bazasının gələcəkdə daha da genişləndirilməsi baxımından mühüm imkanlar yaradacaq. Qərb Sənaye Parkının yaradılması da bu strategiyanın mühüm elementlərindən biridir. Parkın əsas məqsədlərindən biri dağ-mədən sənayesinin inkişafını təmin etmək, hasilatdan emala və son məhsul istehsalına qədər vahid sənaye zənciri formalaşdırmaqdır. Burada əsas məqsəd kəşfiyyat, hasilat, zənginləşdirmə, emal, metallurgiya və son məhsul istehsalını özündə birləşdirən müasir sənaye zəncirinin yaradılmasıdır. Belə bir model Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə, sənaye istehsalının genişləndirilməsinə və ixrac imkanlarının artırılmasına xidmət edəcək. Qarşıdakı illərdə dağ-mədən sənayesi də qeyri-neft sektorunun inkişafına öz töhfəsini verərək ölkə iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaq.

Millət vəkil bir daha diqqəti Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na yönəldərək qeyd edib ki, sənəddə də vurğulandığı kimi, hədəf Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilədək müvafiq sahədə dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsi, mineral-xammal bazasının genişləndirilməsi, geoloji kəşfiyyat işlərinin inkişaf etdirilməsi və mövcud yataqların səmərəli istismarının təmin edilməsi, filizdən son məhsuladək inteqrə olunmuş istehsal və emal zəncirinin formalaşdırılması, yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsalının və ixrac potensialının artırılmasıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti