Bakıda ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə qəbul keçirilib (FOTO)

Cəmiyyət Xəbər 23 Sentyabr 2026 18:35 (UTC +04:00)
Bakıda ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə qəbul keçirilib (FOTO)
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Özbəkistan üzrə iqtisadi müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycanın dövlət rəsmiləri, diplomatlar, beynəlxalq təşkilatların, işgüzar dairələrin və medianın nümayəndələrinin iştirak etdiyi Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbir Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, həmçinin Azərbaycanın və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan-Çin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

O qeyd edib ki, Çin Xalq Respublikası Prezident Si Cinpinin rəhbərliyi ilə hər il daha da güclənir və bu gün müasir dünya siyasətinin aparıcı dövlətlərindən biri kimi çıxış edir.

Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-Çin münasibətləri qədim tarixə və zəngin ənənələrə söykənir. Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı etimad və dəstəyin yüksək səviyyəsi beynəlxalq müstəvidə də aydın şəkildə özünü göstərir.

“Xüsusilə son illərdə münasibətlərimiz daha dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi və birgə səyləri bunda həlledici rol oynayıb”, - Baş nazirin müavini bildirib.

O vurğulayıb ki, 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanat imzalanıb.

Şahin Mustafayevin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan bu tarixi sənəd dövlət başçılarının strateji baxışının mühüm nəticəsi olub.

“Ötən dövr ərzində dövlət başçıları səviyyəsində davamlı intensiv təmaslar, eləcə də müxtəlif səviyyələrdə müntəzəm qarşılıqlı səfərlər Azərbaycan-Çin münasibətlərinin güclü inkişaf dinamikasını bir daha nümayiş etdirir. Bu gün dövlət başçılarının tapşırıqlarına uyğun olaraq hərtərəfli strateji tərəfdaşlığımızın praktiki məzmunla zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılır”, - deyə o əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, siyasi dialoqun müsbət dinamikası müntəzəm qarşılıqlı səfərlərdə və yüksək səviyyəli təmaslarda da öz əksini tapır.

“2026-cı ildə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında xarici işlər nazirlikləri, parlamentlərarası əlaqələr, baş prokurorluqlar və müdafiə nazirlikləri vasitəsilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. Partiya nümayəndə heyətlərinin müntəzəm qarşılıqlı səfərləri də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır”, - Şahin Mustafayev qeyd edib.

O vurğulayıb ki, siyasi dialoqla yanaşı, ticarət və iqtisadiyyat, investisiya, nəqliyyat və tranzit, yaşıl enerji, rəqəmsal inkişaf, mədəniyyət və humanitar yardım, turizm, regionlararası əlaqələr və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq davamlı şəkildə genişlənir.

Bundan əlavə, Şahin Mustafayev hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin qarşıya qoyulmuş vəzifələrin praktiki icrası baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, Komissiyada əməkdaşlığın əsas istiqamətləri mütəmadi olaraq nəzərdən keçirilir və növbəti addımlar müzakirə olunur.

Baş nazirin müavini Azərbaycan-Çin ticarət və iqtisadi əməkdaşlığının artan və davamlı inkişafını da diqqətə çatdırıb.

“Çin ölkəmizin aparıcı iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu kimi, Azərbaycan da Çinin Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. 2026-cı ilin ilk yeddi ayında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,16 milyard ABŞ dollarına çatıb”, - deyə o bildirib.

Şahin Mustafayev qeyd edib ki, ticarət əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan məhsullarının Çin bazarında təşviqi istiqamətində ardıcıl işlər aparılır.

“2018-ci ildən Çində fəaliyyət göstərən Azərbaycanın ticarət nümayəndəliyi, eləcə də ölkənin müxtəlif şəhərlərində yaradılmış altı Azərbaycan Ticarət Evi bu səylərdə mühüm rol oynayır”, - Baş nazirin müavini əlavə edib.

Öz növbəsində, Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, Çin lideri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılmış hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı iki ölkə arasında qarşılıqlı etimad və dostluq əməkdaşlığının nümunəsi kimi çıxış edir.

Lu Mey bildirib ki, cari il Çin-Azərbaycan əməkdaşlığı üçün məhsuldar olub.

“Bu il həqiqətən də Çin-Azərbaycan əməkdaşlığı üçün məhsuldar olub”, - Lu Mey deyib.

Səfirin sözlərinə görə, Çin və Azərbaycan suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birini ardıcıl şəkildə dəstəkləyir, eyni zamanda bir-birinin seçdiyi inkişaf yoluna hörmətlə yanaşırlar.

O qeyd edib ki, Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq yüksək səviyyəli əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas yaradır.

Lu Mey vurğulayıb ki, Çin və Azərbaycan qarşılıqlı hörmət və ümumi maraqlar əsasında əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklər.

O əlavə edib ki, Çin və Azərbaycan arasında qarşılıqlı vizasız rejim iki ölkə xalqlarının bir-birinə daha da yaxınlaşmasına kömək edir.

Səfirin sözlərinə görə, Azərbaycan gəncləri arasında Çin dilinə və mədəniyyətinə yüksək maraq var.

O qeyd edib ki, humanitar və mədəni əlaqələrin inkişafı Çin və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinin mühüm hissəsidir.

Tədbir çərçivəsində Azərbaycandakı Konfutsi İnstitutunun tələbələri qonaqlar üçün Çin mədəniyyətinə həsr olunmuş proqram təqdim ediblər.

Lu Mey həmçinin vurğulayıb ki, Çin və Azərbaycan iqtisadi, nəqliyyat və investisiya əməkdaşlığının genişləndirilməsi ilə yanaşı, xalqlar arasında əlaqələri də möhkəmləndirməyə davam edirlər.

“Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının parlaq gələcəyi və böyük potensialı var”, - səfir deyib.

Tədbir Azərbaycan və Çin arasında ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndiyi bir şəraitdə keçirilib. Tərəflər ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi və regional marşrutlar üzrə nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirirlər.

Azərbaycan və Çin, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı genişləndirirlər. Azərbaycan Çini Avropa və regional bazarlarla Orta Dəhliz vasitəsilə birləşdirən tranzit qovşağı kimi mühüm rol oynayır.

Qəbul Çin Xalq Respublikasının oktyabrın 1-də qeyd olunacaq yaranmasının 77-ci ildönümü ərəfəsində keçirilib. Çin Xalq Respublikası 1 oktyabr 1949-cu ildə elan edilib və bu tarix hər il Çinin Milli Günü kimi qeyd olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti