Bakı. Trend:
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin Milli Günü – Krallığın elan olunmasının 96-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Baş nazirin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxış ediblər.
Samir Şərifov Azərbaycan–Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 9-cu iclasının bu ilin sonunadək Azərbaycanın ev sahibliyi ilə keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O, iclasın müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Səfir İssam bin Saleh əl-Cuteyli isə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb. O, Birgə Hökumətlərarası Komissiya və Səudiyyə Ərəbistanı–Azərbaycan İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, Siyasi Məsləhətləşmələr Komitəsi çərçivəsində isə siyasi əlaqələndirmənin gücləndirilməsi istiqamətində iş aparıldığını bildirib.
Çıxışlardan sonra tədbir bədii proqramla davam edib.
