Bakı.Trend:
“Qazaxıstan Dəmir Yolları” QSC-nin (KTZ) törəmə şirkəti olan "KTZ Express" SC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) istifadə etməklə Qazaxıstanın Akmola vilayətindən Hindistana mərcimək daşınmasını təşkil edib.
“Daşınma yerli məhsulların istehsalının və ixrac potensialının artması fonunda təşkil olunub. Qazaxıstan mərcimək ixracına görə dünyada 6-cı yerdədir. Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə ölkədə dənli-paxlalı bitkilərin məhsuldarlığı rekord həddə – 1 milyon tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 56 faiz çoxdur”, - deyə şirkətdən bildirilib.
KTZ qeyd edib ki, Akmola vilayəti Qazaxıstanda mərcimək istehsalı və emalının fəal inkişaf etdiyi regionlardan biridir.
“İstehsal həcminin artması Qazaxıstan məhsullarının tədarük coğrafiyasının genişlənməsinə imkan yaradır. Perspektivli istiqamətlərdən biri mərcimək partiyasının Akkol stansiyasından multimodal marşrut üzrə Hindistanın Mundra limanına göndərildiyi Hindistan bazarıdır”, - deyə şirkətdən bildirilib.
İlk mərhələdə yük Akkol stansiyasından Aktau limanına qədər dəmir yolu ilə daşınıb. Daha sonra konteynerlər Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına çatdırılıb. Yük Azərbaycanın ərazisindən dəmir yolu ilə Gürcüstanın Poti limanına qədər hərəkətini davam etdirib və buradan dəniz nəqliyyatı ilə Hindistanın Mundra limanına göndərilib.
KTZ vurğulayıb ki, Qazaxıstan mərciməyinin bu marşrut üzrə tədarükünün təşkili yerli istehsalçıların Cənubi Asiya bazarlarına çıxış imkanlarını genişləndirir və yeni ixrac istiqamətlərinin inkişafına töhfə verir.
