Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ayrıca və ya rəqabət aparan dəhliz kimi nəzərdən keçirilməməlidir.
Bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci Nyu-Yorkda Caspian Policy Center (CPC) tərəfindən təşkil olunan yeddinci illik Xəzər Biznes Forumunda bildirib.
O, nəqliyyat bağlantısına yalnız fiziki nəqliyyat infrastrukturu kimi deyil, daha geniş kontekstdə yanaşılmasının vacibliyini vurğulayıb.
“Bağlantı artıq sadəcə dəmir yolları və limanlar şəbəkəsi kimi başa düşülməməlidir. O, nəqliyyat, energetika, rəqəmsal infrastruktur, logistika, maliyyə, gömrük və normativ tənzimləməni birləşdirən daha geniş arxitekturaya çevrilir”, — deyə Ekinci bildirib.
Ekinci TRIPP-in mövcud regional marşrutları tamamlamalı, onlarla rəqabət aparmamalı olduğunu vurğulayıb.
“TRIPP ayrıca və ya rəqabət aparan dəhliz kimi nəzərdən keçirilməməlidir. Onun dəyəri mövcud regional nəqliyyat şəbəkəsi ilə necə əlaqələndiyində və onu necə tamamladığında, xüsusilə də Türkiyənin mövcud dəmir yolu, avtomobil və liman infrastrukturunu tamamlamasında əks olunur”, — deyə o bildirib.
“Türkiyə üçün məqsəd sadəcə daha bir yol yaratmaq deyil, müxtəlif təşəbbüslərin bir-birini gücləndirdiyi, həqiqətən qarşılıqlı əlaqəli regional sistem qurmaqdır”, — deyə Ekinci əlavə edib.
Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılıb.
Bu il Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ
dövlət katibi Marko Rubio Vaşinqtonda TRIPP layihəsinin həyata
keçirilməsinə dair çərçivə proqramını təqdim ediblər.
