Zəngilan. Trend:
Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 evin tikintisi başa çatıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə deyib.
Onun sözlərinə görə, 179,5 hektar ərazidə layihələndirilib və kəndin tikintisinə mərhələli şəkildə başlanılıb.
“İnşa olunan evlər köçürüləcək ailələrin tərkibinə uyğun olaraq 2, 3, 4 və 5 otaqlı mənzillərdən ibarətdir. 242 fərdi yaşayış evindən 162-si 2 və 3 otaqlı, bir mərtəbəli, digər evlər isə 4 və 5 otaqlı, iki mərtəbəli evlərdir. Hər bir fərdi yaşayış evi həyətyanı sahə ilə təmin olunub. Həmçinin evlərin həyətlərində yardımçı tikililər inşa edilib”, - deyə E.Ağazadə bildirib.
O qeyd edib ki, yenidən qurulan kəndlərdə layihələndirmə işləri yalnız fərdi yaşayış evləri ilə məhdudlaşmır:
“Burada köçürüləcək əhalinin gündəlik tələbatlarının ödənilməsi, rahat və müasir həyat şəraitinin təmin olunması məqsədilə müxtəlif qeyri-yaşayış obyektlərinin tikintisi də nəzərdə tutulub. Layihə çərçivəsində Cahangirbəyli kəndində 264 şagird yerlik orta məktəb, 80 yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, çoxfunksiyalı bina və bazar kompleksi layihələndirilib və inşa olunub”.
Emil Ağazadənin sözlərinə görə, kənddə yol və kommunikasiya xətlərinin çəkilməsi istiqamətində də işlər davam etdirilir.
“Hazırda fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə tikinti işləri yekunlaşıb. Binalarda son tamamlama və bəzək işləri görülür. Köçürüləcək əhalinin müasir və rahat həyat şəraitinin təmin edilməsi məqsədilə kommunikasiya işləri də əsasən yekunlaşıb və hazırda son tamamlanma işləri aparılır”, - deyə o bildirib.
O əlavə edib ki, kəndin uzunmüddətli və təhlükəsiz istismarının təmin edilməsi məqsədilə yağış və sel sularından mühafizə istiqamətində də layihələndirmə işləri tamamlanıb və nəzərdə tutulan həllərin tətbiqinə başlanılıb.
“30 il ərzində öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın dədə-baba torpaqlarına tez bir zamanda qayıtmaları üçün sahədə işlər mərhələli və sürətlə icra olunur. Bununla paralel olaraq tikinti prosesində görülən işlərin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına, həmçinin sahəyə gətirilən mal-materialların keyfiyyətinə xüsusi diqqət yetirilir. Tikinti sahəsində gündəlik texniki nəzarət həyata keçirilir və istifadə olunan materialların keyfiyyət təminatı məsələsi diqqətdə saxlanılır”, - deyə E.Ağazadə vurğulayıb.
