Formula 1 üzrə Azərbaycan Qran-Prisi start götürür

İdman Xəbər 24 Sentyabr 2026 09:00 (UTC +04:00)
Formula 1 üzrə Azərbaycan Qran-Prisi start götürür
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu gün Formula 1 və Formula 2 üzrə Qran-Pri yarışlarına start veriləcək.

Trend-in yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, yarış həftəsonunun proqramı bu il ənənəvi cədvəldən fərqlənir.

Bu gün, sentyabrın 24-də Formula 2-də sərbəst yürüş saat 10:00-da, iki sıralama sessiyası isə 14:00 və 14:30-da başlayacaq. Formula 1-də ilk sərbəst yürüş 12:30-13:30, ikinci sərbəst yürüş isə 16:00-17:00 arasında keçiriləcək.

Sentyabrın 25-də Formula 2-də əvvəlcə sprint yarışı, daha sonra ilk əsas yarış, Formula 1-də isə üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı sentyabrın 26-da saat 15:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il yubiley – 10-cu dəfə təşkil olunur.

Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı ilə keçirilib, 2017-ci ildən isə mərhələ Azərbaycan Qran-Prisi kimi Formula 1 təqvimində yer alır. Yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış keçirilməyib.

Bakı Şəhər Halqasının uzunluğu 6,003 kilometrdir. Pilotlar əsas yarışda 51 dövrə tamamlayaraq 306 kilometrdən çox məsafə qət edəcəklər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20 döngədən ibarətdir.

Bakı yarışı dar küçələri, uzun düzlükləri və baryerlərin trasa yaxın yerləşməsi ilə seçilir. İçərişəhər divarları boyunca uzanan hissədə yolun eni 7,6 metrədək azalır ki, bu da pilotlar üçün səhv imkanlarını minimuma endirir.

Bakı həmçinin gözlənilməz nəticələri ilə tanınır. İndiyədək Azərbaycan Qran-Prisini iki dəfə qazanan pilotlar arasında Serxio Peres və Maks Ferstappen yer alır. Ferstappen 2022 və 2025-ci illərdə, Peres isə 2021 və 2023-cü illərdə Bakıda finiş xəttini birinci keçib.

Bu dəfə çempionatın lideri Kimi Antonelli Bakı mərhələsinə 81 xallıq üstünlüklə gəlir. Mercedes pilotu mövsümün ilk 14 yarışından səkkizində qalib gəlib və sonuncu mərhələdə – Madriddə də birinci olub.

Azərbaycan Qran-Prisinin bu ilki mərhələsində Formula 2 üzrə də fərqli format tətbiq olunacaq. Bakı bu mövsüm Formula 2-nin yeganə dəstək seriyası olduğu mərhələdir və burada cümə axşamı iki sıralama sessiyası, cümə günü sprint və ilk əsas yarış, şənbə günü isə ikinci əsas yarış keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti