Bakı. Trend:
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri İto Bisono ilə görüş keçirib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Görüşdə Azərbaycan–Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər iki ölkənin xarici siyasət qurumları arasında siyasi dialoqun institusional əsaslarının gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlərə dair fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və koordinasiyanın daha da inkişaf etdirilməsi imkanları xüsusi diqqətə çatdırılıb.
Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı qaydada ləğv edilməsinə dair Saziş imzalanıb.
Bununla yanaşı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilib ki, imzalanan sənədlər iki ölkə arasında institusional əməkdaşlığın genişləndirilməsinə, eləcə də Azərbaycan–Dominikan Respublikası münasibətlərinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək.
