Bakı. Trend:
Azərbaycanda “Bitki sağlamlığı haqqında” yeni qanunun qəbul edilməsi nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat” adlı konfransda deyib.
AQTA sədri bildirib ki, yeni qanunun qəbulu “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulur. Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək.
Onun sözlərinə görə, proqramda kadr hazırlığının gücləndirilməsi və laborator diaqnostikanın davamlı inkişaf etdirilməsi də əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Q.Təhməzli qeyd edib ki, 2026-cı ilin ötən dövründə karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 80 mindən çox ting və 200 tondan artıq toxumluq məhsulla bağlı müvafiq fitosanitar tədbirlər görülüb. Bu tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasına və sağlam əkin materiallarının dövriyyəsinə yönəlib.
AQTA sədri yerli toxumçuluğun inkişafının ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
“Məhsulun beynəlxalq bazarlara çıxışının genişləndirilməsi üçün istehsaldan başlayaraq sertifikatlaşdırma, fitosanitar nəzarət, laborator diaqnostika və ixrac prosedurlarına qədər bütün mərhələlərin beynəlxalq tələblərə uyğun qurulması mühüm əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev 10 sentyabr 2026-cı il tarixində “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
