AYİB Azərbaycanın 2026-2027-ci illərdə ÜDM artımı ilə bağlı proqnozunu dəyişməyib

İqtisadiyyat Xəbər 24 Sentyabr 2026 09:00 (UTC +04:00)
AYİB Azərbaycanın 2026-2027-ci illərdə ÜDM artımı ilə bağlı proqnozunu dəyişməyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) regional iqtisadi proqnozunda 2026-cı ildə Azərbaycanın ÜDM artımı üzrə proqnozunu 2 faiz, 2027-ci il üçün isə 2,5 faiz səviyyəsində saxlayıb.

Hesabata əsasən, proqnozlar əvvəlki qiymətləndirmələrlə müqayisədə dəyişməz qalıb.

Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı 2024-cü ildə 4,2 faiz artıb, 2025-ci ildə isə artım tempi 1,4 faizə qədər zəifləyib. 2026-cı ilin ilk yarısında ÜDM artımı 0,8 faiz təşkil edib.

"2026-cı ilin birinci rübündəki azalmadan sonra istehsal həcmi bərpa olunub və 2026-cı ilin ilk yeddi ayında illik ifadədə artım 1,4 faiz təşkil edib. Bu dövrdə neft-qaz sektoru 0,6 faiz geriləyib, qeyri-neft ÜDM-i isə informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də sənaye sahələrində yüksək göstəricilər hesabına illik ifadədə 2,2 faiz artıb", - AYİB qeyd edir.

Bankın məlumatına görə, əsas kapitala investisiyalar illik ifadədə 10,7 faiz artıb ki, bu da əsasən neft-qaz sektoruna yatırılan investisiyalar hesabına baş verib. Orta illik inflyasiya 5,7 faiz təşkil edib və Mərkəzi Bankın hədəf diapazonunun yuxarı həddinə yaxın olub.

AYİB həmçinin xatırladıb ki, Mərkəzi Bank fevral ayında uçot dərəcəsini 25 baza bəndi azaltdıqdan sonra onu 6,5 faiz səviyyəsində saxlayıb.

"Azərbaycanın 2026-cı ilin ilk yeddi ayında dövlət büdcəsinin profisiti ÜDM-in təxminən 4,5 faizini təşkil edib. Dörd rüb üzrə sürüşən dövr əsasında hesablandıqda, cari hesabın profisiti 2026-cı ilin birinci rübündə ÜDM-in 5,3 faizinə çatıb. Ölkənin strateji valyuta ehtiyatları 2026-cı ilin avqustunun əvvəlində 2025-ci il üzrə ÜDM-in 114 faizinə çatıb və illik ifadədə 12,2 faiz artıb", - hesabatda deyilir.

AYİB qeyd edir ki, iqtisadi artım perspektivləri karbohidrogenlərin qiymətləri və hasilat həcminə həssas olaraq qalmaqdadır.

Bununla yanaşı, bankın qiymətləndirməsinə görə, Ermənistanla sülh gündəliyinin həyata keçirilməsində irəliləyiş və regional əlaqəlilik sahəsində yeni təşəbbüslər iqtisadi perspektivlərə müsbət təsir göstərə bilər. Bərpa olunan enerjiyə genişmiqyaslı investisiyaların davam etdirilməsi də orta müddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti