Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 37-ci Ali Səviyyəli Toplantısı Nyu-Yorkda işə başlayıb (FOTO)

Siyasət Xəbər 24 Sentyabr 2026 07:01 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 37-ci Ali Səviyyəli Toplantısı Nyu-Yorkda işə başlayıb (FOTO)

Bakı. Trend:

BMT Baş Assambleyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Ortaq gələcək naminə etimadın, əməkdaşlığın və qlobal sabitliyin bərpası” mövzusunda XXXVII Ali Səviyyəli Toplantısı işə başlayıb. Tədbir 23-24 sentyabr tarixlərində Harvard Klubunda keçirilir.

Toplantı qlobal çağırışların dərinləşdiyi, beynəlxalq əməkdaşlığın və çoxtərəfli dialoqun daha böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə dünya liderlərini, sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrini, diplomatları və ekspertləri bir araya gətirib.

Dr. İsmayıl Səragəldinin moderatorluğu ilə keçirilən açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatiana Molcean, Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin iqtisadi və sosial məsələlər üzrə sabiq Baş katibinin müavini Vu Hongbo, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun əməliyyatlar üzrə müavini Uqoçi Daniels, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım çıxış ediblər.

Açılış mərasimindən sonra Monteneqro Prezidenti Jakov Milatoviç toplantıda çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Tədbirin birinci günündə “Güc siyasətinin qayıdışı və gələcək yol”, “Təzyiq altında olan multilateralizm: beynəlxalq əməkdaşlığın yenidən düşünülməsi”, “Borc, inkişaf və inkişaf etməkdə olan iqtisadiyyatların gələcəyi”, eləcə də “Ambisiyadan yekun investisiya qərarına: COP31 iqlim öhdəliklərini necə investisiya edilə bilən edə bilər” mövzularında panel müzakirələri keçirilir.

Qeyd edək ki, iki gün davam edəcək XXXVII Ali Səviyyəli Toplantıda qlobal sabitliyin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlığın gələcəyi, enerji təhlükəsizliyi, iqlim gündəliyi, süni intellekt və rəqəmsal suverenlik, qlobal idarəetmə, səhiyyə sahəsində kollektiv fəaliyyət və beynəlxalq əməkdaşlığın yeni prinsipləri kimi aktual mövzular müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti