Bakı.Trend:
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri birgə bəyanat yayıblar.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 27 Sentyabr – Anım Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Bəyanatda qeyd edilib:
“Azərbaycan xalqının tarixinə əbədi həkk olunan 27 sentyabr 2020-ci il tarixinin 6-cı ildönümünü qeyd edirik. Bu tarix təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün Haqq və Ədalətin təcəllisi günü, Böyük Zəfər yolunun başlanğıc nöqtəsi kimi yaddaşlarda əbədi qalacaqdır. Bizim xalqımız bu Anım gününü Vətən uğrunda qəhrəmanlıq və şəhadətin Şərəf salnaməsi kimi daima yaşadacaqdır!
27 sentyabrda başlanan və 44 gün davam edən savaş düşmənin tam təslim aktı ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı. Noyabrın 8-də Ermənistanın 30 illik işğalçı siyasətinə son nöqtə qoyuldu. Azərbaycan öz əzəli torpaqlarında Ulu Öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi” adlandırdığı üçrəngli bayrağını qaldırdı.
Dünya ictimaiyyəti yaxşı bilməlidir ki, bizi 27 sentyabra aparan səbəblər son dərəcə ciddi və danılmaz həqiqətlərdir. Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyən Ermənistan cəzasızlıqdan ruhlanaraq işğalın davam etdirilməsi yolunu seçdi, qəsdən danışıqlar prosesini pozdu. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu, daha sonra avqust ayında Ermənistanın təcavüzkardiversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı. Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücumuna cavab olaraq, sentyabrın 27-də Azərbaycan BMT Nizamnaməsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə
yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi,
Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə
atəşə tuturdu. Zəbt olunmuş ərazilərimizdə müsəlman və xristian
məbədlərini dağıdan, müharibə qanunlarını, beynəlxalq hüquq
normalarını, Cenevrə Konvensiyasının müvafiq müddəalarını pozan
Ermənistan silahlı qüvvələri qadağan olunmuş silah və bombalarla
təmas xəttindən, həmçinin, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə,
Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də
atəşə tutur, yüzlərlə günahsız insanın, uşaq, qadın və qocaların
ölümünə səbəb olur, mülki məntəqələrə zərbələr endirirdi Hətta
paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. İşğal
dövründə ərazilərimizin minalanması səbəbindən bugünədək mülki
əhali və hərbçilər həlak olur və xəsarət alırlar.
Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları
Vətən müharibəsi dövründə və Zəfərdən sonra erməni tərəfinin
xalqımıza qarşı həyata keçirdiyi hərbi cinayətləri, yaydıqları
dezinformasiyaları və əsassız ittihamları ifşa üçün əməkdaşlıq
etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş
aparmışıq. Azərbaycanda mülki əhaliyə qarşı cinayətləri bütün
dünyada yaymışıq, bütün konfessiyyalar birlikdə dünya birliyinə,
beynəlxalq təşkilatlara və dini mərkəzlərə müraciət etmiş, birgə
bəyanatlar yaymışıq. Həmin günlərdə də, hər zaman olduğu kimi,
Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla bir
olduq, çiyin-çiyinə haqq mücadiləmizə birgə yardımçı olduq. Bu gün
də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər
müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı
ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə
anırlar.
Həsrətində olduğumuz Qarabağın azadlığı naminə övladlarımız Allah və Vətən uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Qələbəni Azərbaycan xalqına əmanət etdilər. Qarabağın azad olunması uğrunda, Vətən müharibəsi dövründə Azərbaycanda ənənəvi olaraq mövcud olan tolerantıq və multikultural dəyərlərə istinadən bütün vətəndaşlarımız daha sıx birləşərək Vətənə sadiqliklərini nümayiş etdirdilər. Polad Həşimov, Mübariz İbrahimov, Albert Aqarunov, Denis Pronin, Yakovlev, Polovinko, Senyuşkin və b. kimi yüzlərlə qəhrəmanımız doğma Azərbaycan üçün şəhidlik zirvəsinə ucaldılar. Onların əziz xatirəsi əbədi olaraq qəlblərimizdə yaşayacaq və daima ehtiramla yad olunacaqdır Biz ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik.
Bu gün Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların bərpası, torpaqlarımızın minalardan təmizlənməsi ilə bağlı nəzərdə tutulan və hazırda sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Bərpa olunmuş tariximəscid binalarından ucalan Azan səsləri, bərpa və yenidən qurulan ibadətgahlar, xristian məbədləri mənəvi dəyərlərini, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycan dövlətinin tolerant dövlət siyasətinin təzahürüdür. Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini bərpa edir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin mənəvi dəyərlərə qayğı və himayəsinin parlaq təzahürüdür.
Biz din xadimlərinin əsas məqsədi - gələcəkdə baş verə biləcək
müharibələrin, günahsız insan tələfatının, terror aktları və
münaqişələrin qarşısını almaq üçün tarixin dərslərini
xatırlatmaqdır. Bu niyyətlə, təqvimimizə Böyük Zəfər yolunun
başlanğıcı kimi yazılan 27 sentyabr Anım günündə qəhrəman
şəhidlərimizə Ulu Yaradandan rəhmət diləyirik. Uca Rəbbimiz
Azərbaycan dövləti və xalqını hifz etsin, hər zaman müzəffər qərar
versin! Ulu Yaradan dünyada sülh və ədalətin bərqərarında
yardımçımız olsun! Amin!”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
PAŞAZADƏ
Dağ yəhudiləri dini icmasının sədri Milix YEVDAYEV
Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının Yepiskopu
ALEKSİY
Alban-udi dini icmasının sədri Robert MOBİLİ
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general
vikarisi Yozef MAREK
Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İSAYEV
Avropa yəhudiləri dini icmasının sədr müavini Yevgeni
BRENNEYSEN
