Bakı.Trend:
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, şəhid ailələrinin nümayəndələri və qazilər iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasınım dövlət himni səsləndirilib, daha sonra şəhidlərin ruhuna dua oxundu.
Tədbirdə geniş nitqlə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vətən müharibəsinin başlanmasından altı il keçdiyini vurğulayaraq, 27 Sentyabr Anım Gününün xalqımızın şərəf günü və qürur mənbəyi olduğunu bildirib.
Şeyxülislam çıxışında din xadimlərinin Vətən müharibəsi dövründə xalqla çiyin-çiyinə dayandığını, müxtəlif konfessiyalardan olan şəhidlərin dəfn mərasimlərində birlikdə iştirak etdiklərini və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırdıqlarını xüsusi qeyd edib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən rus pravoslav, katolik,
yəhudi və alban-udi dini icmalarının rəhbərləri, eləcə də şəhid
ailələrinin üzvləri çıxış ediblər.
Dini konfessiya rəhbərləri öz çıxışlarında ölkəmizdəki mövcud
dini-mənəvi həmrəylikdən, multikultural dəyərlərdən və tarixi
Zəfərin qazanılmasında bütün etnik-dini mənsubiyyətli vətəndaşların
birgə mübarizəsindən söz açıblar. Vurğulanıb ki, dinindən və milli
mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali
Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu
tarixi qələbəyə töhfə verib.
Tədbirin sonunda Azərbaycanın dini konfessiya rəhbərləri adından 27 Sentyabr – Anım Günü ilə əlaqədar birgə bəyanat səsləndirilib və qəbul olunub.
