Hörmüz boğazından gəmilərin sərbəst keçidi təmin edilməlidir - Ərdoğan

Dünya xəbərləri Xəbər 24 Sentyabr 2026 16:49 (UTC +04:00)
Hörmüz boğazından gəmilərin sərbəst keçidi təmin edilməlidir - Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ilə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu (SETA) tərəfindən təşkil olunan tədbirdə ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

"Haber7"nin məlumatına görə, Ərdoğan görüşdə çıxışı zamanı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanmış Məkkə paktı və Hörmüz boğazındakı böhranla bağlı danışıb.

Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistanla Məkkədə imzaladıqları birgə müdafiə sazişinə toxunaraq bildirib ki, bu sazişlə regionda ən çox ehtiyac duyulan sabitlik oxunun yaradılması məqsədi güdülür.

“Hörmüz boğazında naviqasiya azadlığının və region ölkələrinin suverenliyinin təmin edilməsi zəruridir. Suriyada isə ölkənin ərazi bütövlüyünün qorunması, bütün etnik və dini icmaların hüquqlarının təminat altına alınması və ölkənin terror təşkilatlarından tamamilə təmizlənməsi prioritetimiz olaraq qalır. ABŞ ilə yaxın əməkdaşlığımızın yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regionumuzda sülh, sabitlik və əmin-amanlığın təmin olunması baxımından əlavə dəyər yaradacağına inanırıq”, - Ərdoğan qeyd edib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti