Bakı.Trend:
Moskvada mümkün partlayıcı qurğunun yerləşdirilməsi ilə bağlı daxil olan məlumatlardan sonra ən azı doqquz ali təhsil müəssisəsində tələbə və müəllimlərin təxliyəsi həyata keçirilib.
Rusiya KİV-in məlumatına görə, Rusiya Teatr Sənəti İnstitutundan, Dövlət Maarif Universitetindən, Moskva Beynəlxalq Universitetindən və Moskva Texniki Rabitə və İnformatika Universitetindən insanlar təxliyə olunub.
Həmçinin A. N. Kosıgin adına Rusiya Dövlət Universitetində, Kino və Televiziya İnstitutunda, D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində, Ümumrusiya Xarici Ticarət Akademiyasında və Moskva Dövlət İdman və Turizm Universitetində də təxliyə həyata keçirilib.
İlkin məlumata görə, təxliyəyə səbəb binalarda partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı daxil olan məlumatlar olub. Təhdidlər hələlik təsdiqlənməyib.
Fövqəladə xidmətlərin əməkdaşları binaları və onlara bitişik əraziləri potensial təhlükəli əşyaların olub-olmaması baxımından yoxlamaqda davam edirlər.
