Bakı. Trend:
Azərbaycanda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində şərti terrorçu hədəfləri artilleriya atəşi ilə məhv edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları yerinə yetirirlər.
Təlimə cəlb olunan artilleriya bölmələrinin dəqiq atəş zərbələri ilə şərti terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilib.
Təlimin hazırlıq mərhələsində Azərbaycan hərbçiləri Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birgə tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirak etdiyi “Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılış mərasimi Xocavənd rayonundakı “Qızılqaya” Təlim Mərkəzində keçirilib. Təlim ordular arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və birgə tapşırıqların icrası zamanı qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
