Bakı. Trend:
Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, alimlər, toxum istehsalçıları və fermerlər iştirak ediblər. Konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO baş direktorunun köməkçisi və təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxış ediblər.
Tədbir panel sessiyalarla davam edib. Sessiyalarda yerli toxum istehsalının inkişafı, sertifikatlaşdırılmış toxumdan istifadənin genişləndirilməsi, toxumluq əkin sahələrinin aprobasiyası, müasir seleksiya üsulları və fermerlərin keyfiyyətli toxuma çıxışı müzakirə olunub. Həmçinin 2026-cı ildə toxum istehsalının nəticələri və qarşıdakı hədəflərə dair təqdimatlar dinlənilib.
Sonda toxumçuluq sahəsində fəaliyyəti ilə fərqlənən istehsalçılara mükafatlar təqdim olunub.
