Xəzər dənizində təlim zamanı 12 Qazaxıstan hərbçisi həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Xəbər 24 Sentyabr 2026 21:28 (UTC +04:00)
Xəzər dənizində təlim zamanı 12 Qazaxıstan hərbçisi həlak olub (YENİLƏNİB)
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Xəzərsahili Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb.

Bu barədə Manqistau vilayəti akimatının (administrasiyasının) yaydığı məlumatda bildirilib.

“Dəqiqləşdirilmiş məlumata görə, təlim döyüş tapşırığının icrası zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 nəfər dənizə sürüklənib. Onlardan 12-si həlak olub, 3 nəfəri xilas edilib. Daha 2 hərbçinin axtarışları davam etdirilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi ölkə Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 19 hərbçinin dənizə sürükləndiyini, 3 nəfərin xilas edildiyini, 9 hərbçinin isə həlak olduğunu bildirmişdi.

XXX

13:24

Qazaxıstanın Xəzər dənizində hərbi təlimləri zamanı 9 hərbçi həlak olub.

Bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə sürükləniblər.

Məlumata görə, ümumilikdə 19 hərbçi dənizə düşüb. Onlardan 9-nun həlak olduğu təsdiqlənib, 3 hərbçi xilas edilib. Xilas edilən hərbçilərdən biri xəstəxanaya yerləşdirilib.

Digər hərbçilərin axtarışları davam etdirilir. Axtarış-xilasetmə əməliyyatına Hərbi-Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər xidmətlər cəlb olunub.

Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov rəhbərlik edir.

Qeyd edək ki, Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Xazar Qorğanı – 2026” təlimləri keçirilib. Təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və katerləri, hidroqrafik gəmilər, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Manqistau vilayəti üzrə departamentinin gəmiləri və Hava Hücumundan Müdafiə Qüvvələrinin aviasiyası iştirak edib.

Təlimlər zamanı hərbçilər birgə manevrlərin həyata keçirilməsi, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin müxtəlif təhlükələrə qarşı fəaliyyətlərin həyata keçirilməsini məşq ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti