“AzerGold”un portfelində 5 yataq üzrə ilkin kəşfiyyat işləri aparılır - Zakir İbrahimov

İqtisadiyyat Xəbər 24 Sentyabr 2026 16:34 (UTC +04:00)
“AzerGold”un portfelində 5 yataq üzrə ilkin kəşfiyyat işləri aparılır - Zakir İbrahimov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“AzerGold” QSC mineral resurs bazasının genişləndirilməsi məqsədilə ölkə ərazisində genişmiqyaslı geoloji tədqiqatlar və kəşfiyyat işləri həyata keçirir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazini əhatə edən geoloji tədqiqatlar aparılır.

“Hazırda ilkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazini əhatə edən geoloji tədqiqatlar davam etdirilir və bu işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla ölkəmizin mineral resurs potensialı xəritələndiriləcək”, - deyə Z. İbrahimov bildirib.

O qeyd edib ki, hazırda axtarış-qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi mövcuddur və həmin ərazilərin resurslarının qiymətləndirilməsi davam etdirilir. Bu prosesin də 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

“AzerGold”un İdarə Heyətinin sədri Naxçıvan Muxtar Respublikasında aparılması planlaşdırılan geoloji işlərə də toxunub.

“Hazırda Naxçıvan Muxtar Respublikasının hüdudları daxilində bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin “International Resources Holding” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən ilkin axtarış-qiymətləndirmə işlərinə intensiv hazırlıq işləri görülür”, - deyə o bildirib.

Z. İbrahimovun sözlərinə görə, ilkin kəşfiyyat mərhələsində “AzerGold”un portfelinə daxil olan 5 yataq mövcuddur və həmin yataqlar üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam edir.

“Naxçıvanda yerləşən Göydağ və Başkənd, eləcə də Balakəndə yerləşən Mazımçay mis yataqları üzrə müvafiq olaraq təxminən 375 min, 289 min və 849 min GEO ilkin resurs müəyyən edilib. Bu üç yataq üzrə ümumi ilkin resurs təxminən 1,5 milyon GEO təşkil edir”, - deyə İdarə Heyətinin sədri qeyd edib.

O əlavə edib ki, Naxçıvanda yerləşən Nəsirvaz polimetal və Kəlbəcərdə yerləşən Tutxun qızıl yataqları üzrə isə ehtiyatların hesablanması prosesi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti