Bakı. Trend:
“AzerGold” QSC-nin 2030-cu ilədək fəaliyyəti üzrə əsas hədəflər açıqlanıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən brifinqdə deyib.
“Son 10 ildə yalnız qızıl hasil edən şirkət kimi deyil, geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahələrini əhatə edən çoxşaxəli milli dağ-mədən şirkəti kimi formalaşan “AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevriləcək”, - deyə o bildirib.
Z. İbrahimov qeyd edib ki, şirkət gəlir və məşğulluq göstəricilərinə görə Azərbaycanın qeyri-neft sənayesində aparıcı şirkətlərdən biri olmağı hədəfləyir.
“Ekoloji təhlükəsizlik dağ-mədən sənayesinin inkişafı ilə bağlı ən mühüm məsələlərdən biridir. “AzerGold” dövlət şirkəti olaraq bu yanaşmanı fəaliyyətimizin fundamental prinsiplərindən biri hesab edir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, yeni layihələrin hazırlanması və icrası zamanı müasir ekoloji standartların tətbiqi, istehsal proseslərinin ətraf mühitə təsirinin minimuma endirilməsi və rekultivasiya tədbirləri nəzərə alınacaq.
Z. İbrahimov bildirib ki, qarşıdakı dövrdə yeni yataqların kəşf edilməsi, mövcud resurslardan daha səmərəli istifadə olunması və mineral xammalın daha yüksək əlavə dəyərli məhsula çevrilməsi əsas istiqamətlər olacaq.
“Bu, həm “AzerGold”un növbəti inkişaf mərhələsinin başlanğıcı, həm də bütövlükdə Azərbaycanın dağ-mədən sənayesinin qarşısında duran əsas çağırışdır”, - deyə İdarə Heyətinin sədri əlavə edib.
