Xocalıda mina təhlükəsinə dair maarifləndirmə tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Xəbər 24 Sentyabr 2026 13:25 (UTC +04:00)
Xocalıda mina təhlükəsinə dair maarifləndirmə tədbirləri keçirilib (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Xocalı şəhərində təşkil olunub.

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən 2 təlimdə layihə rəhbəri Xudaverdi Quliyev, layihə rəhbərinin köməkçisi, minadan zərərçəkən Vidadi Məmmədzadə, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə təlimçi Kamran Məmmədli və BAMF-ın regional inzibati direktoru Ruslan İbrahimbəyli iştirak ediblər. Tədbirin açılışında Xudaverdi Quliyev layihənin məqsədindən və işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə dair maarifləndirmənin əhəmiyyətindən danışıb. O, xüsusilə uşaqların və yeniyetmələrin mövcud risklər və təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Ardınca məktəbin uşaq birliyi təşkilat rəhbəri Zoya Abbasova şagirdlərin təhlükəsizliyi baxımından belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib. Minadan zərərçəkən, layihə rəhbərinin köməkçisi Vidadi Məmmədzadə isə şəxsi təcrübəsindən çıxış edərək mina və partlayıcı sursatların yaratdığı təhlükələrə qarşı diqqətli olmağın vacibliyindən danışıb. Daha sonra təlimçi Kamran Məmmədli tərəfindən keçirilən sessiyalarda minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması barədə iştirakçılara məlumat verilib.

Qeyd edək ki, bu qrant layihənin əsas məqsədi Ağdam, Ağdərə və Xocalı rayonlarında, eləcə də Xankəndi şəhərində yaşayan, çalışan və təhsil alan əhali arasında mina və partlayıcı sursatların təhlükəsinə dair məlumatlılığı artırmaq, bununla da mina hadisələrinin qarşısının alınmasına və insanların təhlükəsizliyinin qorunmasına töhfə verməkdir.

Xəbər lenti

Xəbər lenti