Bakı.Trend:
Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və Ağ Evin digər nümayəndələri ilə danışıqlar aparmaq üçün Birləşmiş Ştatlara yollanıb.
Bu barədə danışıqların hazırlanması ilə tanış olan iki mənbə “Reuters”ə bildirib.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Dmitriyevin ABŞ prezidentinin nümayəndələri ilə məsləhətləşmələri BMT Baş Assambleyasının keçirildiyi vaxt Nyu-Yorkda baş tutacaq. Bu görüş sentyabr ayında Rusiya Prezidenti Vladimir Putin ilə Uitkoff və Kuşner arasında Kremldə keçirilmiş görüşün davamı olacaq.
ABŞ dövlət katibi Marko Rubio çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra jurnalistlərə bildirib ki, həm Moskva, həm də Kiyev taxıl və enerji infrastrukturu obyektlərinə şamil olunacaq məhdud atəşkəs ideyasına maraq göstərib. ABŞ diplomatiyasının rəhbəri həmçinin Putinin dekabr ayında ABŞ-da keçiriləcək G20 sammitinə dəvəti qəbul edəcəyinə ümid etdiyini deyib.
