Ət istehsalı artdıqca qiymətlər daha da stabilləşəcək - Məcnun Məmmədov (ÖZƏL)

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 12:58 (UTC +04:00)
Ət istehsalı artdıqca qiymətlər daha da stabilləşəcək - Məcnun Məmmədov (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ət istehsalının artırılması qiymətlərin daha da stabilləşməsinə imkan verəcək.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

Nazir bildirib ki, ölkədə kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafı üzrə Dövlət Proqramının icrasına yeni başlanılır və qarşıdakı dövrdə istehsalın artırılması əsas hədəflərdən biri olacaq.

“Dövlət Proqramı yeni qəbul olunub. Proqramın icrasına hələ indi başlanılacaq. İcra olunduqca ölkədə kənd təsərrüfatı məhsullarının, o cümlədən ət istehsalının artırılmasına nail olmağa çalışacağıq. Ət istehsalı artdıqca qiymətlər də daha çox stabilləşəcək”, - deyə M.Məmmədov qeyd edib.

Nazir II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ölkəyə investisiyaların cəlb olunması baxımından müsbət təsir göstərəcəyini bildirib.

Onun sözlərinə görə, forum nəqliyyat və logistika, kənd təsərrüfatı və sənaye də daxil olmaqla müxtəlif sektorların inkişafına dəstək verə bilər.

“İnanıram ki, bu tədbirin Azərbaycana investisiya cəlb olunması baxımından müsbət təsiri olacaq. Müxtəlif sektorlar, o cümlədən nəqliyyat və logistika, kənd təsərrüfatı və sənaye sahələri bundan dəstək əldə edəcək”, - deyə nazir vurğulayıb.

M.Məmmədov bildirib ki, kənd təsərrüfatının müxtəlif sahələrinə investorların marağı da müşahidə olunur.

“Dövlət Proqramı çərçivəsində hazırda Azərbaycanda kənd təsərrüfatının müxtəlif sektorlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Son bir neçə ay ərzində Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətlərin çoxunda investorların istixana, meyvəçilik və heyvandarlıq sahələrinə investisiya yatırmaq niyyətlərinin olduğu görünür”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, həyata keçiriləcək investisiya layihələrinin kənd təsərrüfatı istehsalının genişləndirilməsinə və nəticə etibarilə bazarda məhsul təklifinin artmasına müsbət təsir göstərəcəyi gözlənilir.

“Ümid edirik ki, bu layihələr öz müsbət təsirini göstərəcək”, - M.Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti