Bakı. Trend:
Böyük Britaniyanın İxrac Maliyyələşdirmə Agentliyinin (UKEF) Azərbaycanda təmiz enerji, nəqliyyat, Orta Dəhliz, qabaqcıl istehsal, süni intellekt infrastrukturu və məlumat mərkəzləri üzrə layihələrə maliyyə dəstəyi göstərmək imkanları var.
Bunu UKEF-in (“UK Export Finance”) Qlobal Biznesin Təşkil edilməsi üzrə həmsədri Natalya Sergeyeva cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, UKEF-in Azərbaycan üzrə 5 milyard funt sterlinq həcmində maliyyələşdirmə imkanının yalnız kiçik bir hissəsindən istifadə olunub.
“Azərbaycan üçün 5 milyard funt sterlinq həcmində imkanımız var. Bunun yalnız kiçik bir hissəsini artıq istifadə etmişik. Buna görə də ölkəyə daha çox kapital cəlb etmək üçün geniş imkanlar mövcuddur. Bu vəsait təmiz enerji, nəqliyyat, Orta Dəhliz, qabaqcıl istehsal, süni intellekt infrastrukturu və məlumat mərkəzləri kimi layihələrə yönəldilə bilər”, - deyə N.Sergeyeva bildirib.
Onun sözlərinə görə, UKEF Azərbaycan tərəfi ilə Böyük Britaniya şirkətləri arasında əlaqələrin qurulmasına da dəstək göstərə bilər.
“Əhəmiyyətli məqamlardan biri də yerli tərəfdaşları Böyük Britaniya şirkətləri ilə əlaqələndirə bilməyimizdir. Bu, layihələrin Böyük Britaniya maliyyələşməsinə uyğun olması baxımından vacibdir”, - deyə o qeyd edib.
N.Sergeyeva əlavə edib ki, UKEF beynəlxalq banklar və ixrac kredit agentlikləri ilə əməkdaşlıq edərək layihələrin maliyyələşdirilə bilən strukturunun formalaşdırılmasına da kömək edir.
“Biz beynəlxalq banklar və ixrac kredit agentlikləri ilə işləyirik ki, layihələri maliyyələşdirilə bilən hala gətirək. Layihələrin strukturlaşdırılmasına kömək göstərə bilərik. Ümumilikdə, bu, UKEF-in ölkə üçün əhəmiyyətli layihələrə təklif etdiyi maliyyə dəstəyi paketidir”, - deyə o vurğulayıb.
UKEF nümayəndəsi Bakı Fond Birjası ilə əməkdaşlıq məsələsinə də aydınlıq gətirib. O bildirib ki, UKEF-in təqdim etdiyi dəstək zəmanətlər əsasındadır və Bakı Fond Birjası fərqli kapital mənbəyidir.
“Biz zəmanətlər təqdim edirik. Bakı Fond Birjası isə fərqli kapital mənbəyidir”, - deyə N.Sergeyeva qeyd edib.
