İtaliya məktəblərində burqa və niqab qadağan edilir, əcnəbi şagirdlərin sayına məhdudiyyət qoyulur

Dünya xəbərləri Xəbər 25 Sentyabr 2026 08:06 (UTC +04:00)
İtaliya məktəblərində burqa və niqab qadağan edilir, əcnəbi şagirdlərin sayına məhdudiyyət qoyulur
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya hökuməti cümə axşamı məktəblərdə burqa və niqabın istifadəsini qadağan edən qanun qüvvəli dekret qəbul edib. Sənədlə yanaşı, italyan dilini zəif bilən şagirdlərin bir sinifdə sayına da məhdudiyyət qoyulur.

Bu barədə Baş nazir Corca Meloni sosial şəbəkələrdə bildirib.

O, yeni qaydaların “sinifdə italyan dilini lazımi səviyyədə bilməyən şagirdlərin sayına 30 faizlik limit, italyan dilinin öyrənilməsi üçün əlavə imkanlar, habelə məktəblərdə burqa və niqabın qadağan edilməsini” nəzərdə tutduğunu qeyd edib.

Əgər uşaq məktəbdə inteqrasiya ilə bağlı ciddi çətinliklərlə üzləşərsə, sosial xidmətlər bu məsələyə cəlb ediləcək və valideynlər pulsuz italyan dili kurslarında iştirak etməyə məcbur olacaqlar. Bu öhdəliyə əməl edilməməsi 1000 avroyadək cərimə ilə nəticələnəcək.

“Save the Children” qeyri-hökumət təşkilatı uşaqların yalnız vətəndaşlığına və ya italyan dilini məhdud bilməsinə görə məktəblərini dəyişməyə və ya sinif yoldaşlarından fərqli təhsil müəssisələrində oxumağa məcbur edilməsinin “birinci və ikinci dərəcəli şagirdlər” yaradacağından ehtiyat edir.

Lakin təhsil naziri Cüzeppe Valditaraya görə, “dilin kifayət qədər mənimsənilməməsi təhsil prosesinə mane olur”. O, jurnalistlərə açıqlamasında “valideynlərin övladlarının təhsil prosesində iştirakının onların məktəbdə uğur qazanması üçün fundamental əhəmiyyət daşıdığını” bildirib.

Onun sözlərinə görə, İtaliyada şagirdlərin 30 faizindən çoxunun əcnəbi olduğu 34 min sinif var. Lakin yeni qanun bunların əksəriyyətinə şamil olunmayacaq. Qanun İtaliyaya yeni gələn uşaqları, İtaliyada doğulan və ya, məsələn, məktəbəqədər təhsil müəssisəsində təhsil alan şagirdlərdən daha çox hədəfə alır.

Meloni hökumətin iclasından sonra televiziya müsahibəsində burqanın qadağan edilməsini “təhlükəsizlik məsələsi” kimi əsaslandırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti