Dollar qlobal ehtiyat valyutası rolunu qoruyub saxlayacaq - "Roubini Macro Associates"

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 11:39 (UTC +04:00)
Dollar qlobal ehtiyat valyutası rolunu qoruyub saxlayacaq - "Roubini Macro Associates"
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Dünyada baş verənlərə rəğmən ABŞ dollarının qlobal ehtiyat valyutası kimi rolu aradan qalxmayacaq.

Trend-in müxbiri xəbər verir ki, bunu cümə günü Nyu-Yorkun aparıcı konsultinq şirkətlərindən olan "Roubini Macro Associates"in baş direktoru Nuriel Rubini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, ABŞ-nin müstəsnalığının başa çatdığı və ABŞ dollarının əsas dünya ehtiyat valyutası kimi rolunun təhdid altında olduğu barədə gözləntilər var:

“Bununla razı deyiləm. Trampın yürütdüyü ticarət siyasətinə, hətta xarici siyasətinə tənqidi yanaşmadığımı demirəm. Lakin belə bir nüansı qeyd etmək istərdim: hazırda müşahidə etdiyimiz innovasiyalar təkcə süni intellektlə (AI) deyil, həm də süni intellekt və aparat texnologiyaları ilə əlaqəli gələcəyin onlarla sahəsi ilə bağlıdır”.

O qeyd edib ki, gələcəyin sahələrinə yarımkeçiricilər, robotlaşdırılmış avtomatlaşdırma, humanoid robotlar, “yaşıl” iqtisadiyyat, termonüvə enerjisi, “yaşıl” texnologiyalar, yeni materiallar, kvant hesablamaları, kosmik tədqiqatlar və kosmosun mənimsənilməsi daxildir.

“Bundan əlavə, müdafiə texnologiyalarımız da var. Çünki bütün dünyada müdafiəyə daha çox vəsait xərcləmək zərurəti yaranan bir şəraitdə bu, tələbat halına gəlir. Aqrotexnologiyalar, fintex, kibertəhlükəsizlik və bir çox digər sahələr də mövcuddur.

ABŞ və Çin bu sahələrdə digər ölkələri qabaqlayır. Eyni zamanda, bəzi əsas istiqamətlərdə ABŞ Çini də qabaqlayır”, - deyə o bildirib.

Rubini həmçinin aparat texnologiyalarının təchizat zəncirlərində Asiya ölkələrinin rolunu qeyd edib və Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur, Malayziya, Tailand, Hindistan və İsraili xüsusi vurğulayıb.

O bildirib ki, nadir torpaq elementləri, “yaşıl” və sənaye metalları, eləcə də enerji istehsalçıları olan inkişaf etməkdə olan bazar ölkələri bu sahələrin inkişafından faydalanacaqlar. Onun sözlərinə görə, kapital xərclərinin artan həcmi böyük miqdarda kapital, enerji və xammal tələb edir.

“ABŞ iqtisadiyyatının son 20 ildə potensial artım tempi təxminən 2 faiz təşkil edib, lakin cari onilliyin sonuna qədər bu göstərici 4 faizə çata bilər.

Əgər ABŞ-də artımın cəmi 2 faiz təşkil etdiyi dövrdə belə ABŞ-nin müstəsnalığı mövcud idisə və ABŞ fond bazarının gəlirliliyi 20 il ərzində S&P 500 üzrə ildə 12 faiz, Nasdaq üzrə isə 16 faiz təşkil edibsə, potensial artım 3, hətta 4 faiz olduğu halda ABŞ-ın müstəsnalığı aradan qalxmayacaq.

ABŞ dollarının qlobal ehtiyat valyutası kimi rolu baş verən bütün hadisələrə baxmayaraq, aradan qalxmayacaq”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti