Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüş uğurlu olub.
Bu barədə Ağ Ev “X” sosial şəbəkəsində məlumat yayıb.
“Tramp Ağ Evdə keçirilən uğurlu görüşdən sonra Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə sağollaşıb. Bu axşam ÇXR Sədri Si Cinpin dövlət ziyafətində iştirak etmək üçün yenidən Ağ Evə səfər edəcək”, — Ağ Evdən bildirilib.
İki dövlət başçısı əvvəlcə təkbətək görüş keçirib, daha sonra rəsmi şəxslərin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar. Görüş başa çatdıqdan sonra Tramp Çin liderinə ABŞ prezidentinin sentyabrın 21-də açılışını etdiyi Ağ Evin cənub çəmənliyindəki yeni helikopter meydançasını göstərib. Onlar yeni VH-92A Patriot prezident helikopterinə daxil olub, daha sonra helikopterdən çıxaraq tərcüməçilərin iştirakı ilə onun yanında bir neçə dəqiqə söhbət ediblər. Bundan sonra onlar Ağ Evə qayıdıblar. Bir müddət sonra Donald Tramp Si Cinpini avtomobil karvanına qədər yola salıb və onunla sağollaşıb.
Səhər saatlarında Si Cinpinin səfəri münasibətilə Ağ Evdə təntənəli mərasim keçirilib. Mərasim zamanı ABŞ prezidentlərinin rəsmi iqamətgahının üzərindən B-2 Spirit strateji bombardmançı təyyarəsi və dörd F-22 Raptor qırıcısı uçub.