Bakı. Trend:
Azərbaycanla Sent-Vinsent və Qrenadinlər arasında siyasi məsləhətləşmələr haqqında Protokol imzalanıb.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Vinsent və Qrenadinlərin xarici işlər, xarici ticarət, xarici investisiyalar və diaspor məsələləri naziri Duayt Fitscerald Bramble ilə görüşüb.
Bildirilib ki, tərəflər Azərbaycan-Sent-Vinsent və Qrenadinlər münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini müzakirə edərək, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı təmasların və səfərlərin artırılmasının, həmçinin ikitərəfli əlaqələrin institusional əsaslarının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyi bir daha təsdiqlənib.
"Məhsuldar müzakirələrin davamı olaraq tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sent-Vinsent və Qrenadinlərin Xarici İşlər, Xarici Ticarət, Xarici İnvestisiyalar və Diaspor Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Protokol”u imzalayıblar.
Bu mühüm Protokol institusional əlaqələri əhəmiyyətli dərəcədə gücləndirəcək, müntəzəm diplomatik təmaslara şərait yaradacaq və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək", - deyə paylaşımda qeyd edilib.
