Bakı. Trend:
Yaponiyanın Müdafiə Nazirliyi 2036-cı ilin yazına qədər ölkənin süni peyklərini potensial rəqiblərin “peyk qatillərinin” hücumlarından qoruyacaq altı döyüş kosmik aparatından ibarət qrup yaratmağı planlaşdırır. Bu barədə hökumət mənbələrinə istinadən “Yomiuri” qəzeti məlumat yayıb.
Mənbələrin məlumatına görə, belə bir qrupun yaradılması ilə bağlı müddəanın Nazirlər Kabinetinin ilin sonunda qəbul etməyi planlaşdırdığı təhlükəsizliyin təmin olunmasına dair əsas sənədlərə daxil edilməsi nəzərdə tutulur.
Məlumata görə, “peyk-mühafizəçilər” Yaponiyanın mülki orbital aparatlarının ətrafındakı vəziyyəti izləməlidirlər. Onlar sərt şüalanmadan və ya mexaniki manipulyatorlardan istifadə etməklə hücumlar həyata keçirə bilən “peyk qatillərinin” həmin aparatlara yaxınlaşmasına mane olacaqlar.
İlk eksperimental “peyk-mühafizəçinin” 2028-ci maliyyə ilində (31 mart 2029-cu ildə başa çatır) orbitə buraxılması nəzərdə tutulur. Daha sonra 2033-cü maliyyə ilindən etibarən belə altı aparatdan ibarət qrup yaradılacaq. Bu qrupun yaradılması Yaponiyanın Müdafiə Nazirliyinin ötən ilin iyulunda qəbul etdiyi kosmik məkanda fəaliyyət proqramında da nəzərdə tutulub.
