Bazar intizamı və süni intellektin inkişafı dünya iqtisadiyyatının dayanıqlığına dəstəkdir

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 11:26 (UTC +04:00)
Bazar intizamı və süni intellektin inkişafı dünya iqtisadiyyatının dayanıqlığına dəstəkdir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bazar intizamı və texnoloji amillər, xüsusilə süni intellektin (Sİ) inkişafı dünya iqtisadiyyatının və bazarların məcmu təklifə yönəlmiş iri mənfi şoklara dayanıqlığını dəstəkləyən iki əsas amildir.

Trend-in müxbiri xəbər verir ki, bunu cümə günü Nyu-Yorkun aparıcı konsultinq şirkətlərindən olan "Roubini Macro Associates"in baş direktoru Nuriel Rubini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, önəmli amillərdən biri bazar intizamıdır:

“Ötən il aprelin 2-də tariflər 30-35 faiz təşkil edirdi. Əgər onlar 30 faiz səviyyəsində qalsaydı, yəqin ki, ABŞ və dünya iqtisadiyyatında tənəzzüllə yanaşı, inflyasiyanın kəskin artması baş verərdi. Bunun əvəzinə, ötən il iqtisadi artım 2024-cü ildəki kimi uğurlu oldu, inflyasiya isə əhəmiyyətli dərəcədə azaldı”.

O qeyd edib ki, aprelin 2-dən iki həftə sonra "S&P 500" indeksi 15 faiz, "Nasdaq" 20 faiz geriləyib, ABŞ-nin 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 80 baza bəndi, yüksək gəlirli istiqrazlar üzrə spred isə 150 baza bəndi artıb.

“Tramp Federal Ehtiyat Sistemini də tənqid etməyə başlayan kimi dollar kəskin ucuzlaşmağa başladı. Məhz həmin vaxt Prezident Tramp başa düşdü ki, bu bazar şoku maliyyə şokuna, onun da öz növbəsində ABŞ və dünya iqtisadiyyatında tənəzzülə gətirib çıxara bilər. Bundan sonra Tramp müşavirlərinə tariflərin azaldılması üçün ticarət sazişləri bağlamaq barədə göstəriş verdi.

Bu tariflər 30 faizdən 25 faizə, daha sonra 20 və 15 faizə endirildi. Hazırda onlar 12 faiz təşkil edir və inflyasiyanın yüksək olaraq qalması, eləcə də əlçatanlıq böhranının mövcudluğu fonunda gündən-günə azalır. Beləliklə, bazar intizamı faktiki olaraq ona kömək etdi”, - deyə Roubini bildirib.

O, həmçinin İran ətrafında yaranmış vəziyyətin maliyyə bazarlarına təsirini qeyd edib:

“Eyni hal bu il də baş verdi. İranla müharibə başladı, lakin iki aydan sonra Brent markalı neftin qiyməti təxminən 120 dollar təşkil edirdi, istiqrazların gəlirliliyi kəskin artdı, ABŞ fond bazarı isə 10 faiz gerilədi”.

Onun sözlərinə görə, bazarın reaksiyası hökumətlərin iqtisadi baxımdan balanssız siyasət yürütmək imkanlarını məhdudlaşdırır:

“Mən hesab edirəm ki, bazar intizamı işləyir”.

“İstər istiqraz investorları, istər fond bazarı investorları, istərsə də kredit investorları olsun, məhz onlar qeyri-rasional siyasətin həyata keçirilməsi imkanlarını məhdudlaşdırırlar. Siyasət qeyri-rasional xarakter aldıqda isə onlar hətta ABŞ hökuməti kimi güclü hökumətləri düzgün addımlar atmağa məcbur edirlər”, - deyə Roubini bildirib.

O, ikinci amil kimi texnoloji innovasiyaları, ilk növbədə isə süni intellekti və gələcəyin texnologiyalarını göstərib.

“Biz bəşər tarixində ən böyük texnoloji innovasiya proseslərindən birinin – süni intellektin və gələcəyin texnologiyalarının inkişafının mərkəzindəyik”, - deyə iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, söhbət yalnız ABŞ və Çindən getmir:

“Sİ avadanlıqları sahəsində çalışan, həmçinin investisiya bumunun təmin edilməsi üçün zəruri olan xammal və enerji təchizatı zəncirlərində iştirak edən bir çox digər ölkələr də var”, - deyə Rubini bildirib.

Qeyd edək ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

İki günlük tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən European House - Ambrosetti şirkətinin strateji tərəfdaşlığı ilə təşkil olunub.

Budəfəki forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal qarşılıqlı əlaqəlilik və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub və dünyanın aparıcı investorlarını, dövlət və hökumət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını və biznes liderlərini bir araya gətirir

Məqalədə:

Xəbər lenti

Xəbər lenti