Bakı. Trend:
Azərbaycanın coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və uzunmüddətli investisiyalar ölkəni Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm iqtisadi və logistika mərkəzinə çevirib.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazir bildirib ki, investorlar qəbul etdikləri öhdəliklərin və investisiya qərarlarının əsaslandığı şərtlərin uzunmüddətli və davamlı olacağına əmin olmaq istəyirlər.
"Azərbaycanın daxili siyasi sabitliyi, siyasətdə ardıcıllıq, nisbətən aşağı dövlət borcu və irimiqyaslı maliyyə ehtiyatları, həmçinin proqnozlaşdırılan siyasətin yürüdülməsi investorlar üçün möhkəm təməl təmin edir. Bu təməl Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağlantının reallığa çevrildiyi bir vaxtda regionda baş verən geosiyasi proseslərlə daha da möhkəmlənir", - deyə M.Cabbarov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın investisiya siyasətinin əsas istiqamətlərindən biri proqnozlaşdırılan qaydaların formalaşdırılması və onların effektiv icrasıdır.
"Şəffaf qaydalar, investisiyaların qorunması və mübahisələrin etibarlı həlli bizim iqtisadi siyasətimizin əsasını təşkil edir. Biz həmçinin sazişin imzalanması ilə onun icrası arasındakı məsafəni qısaldırıq. Bu məqsədlə Baş nazirin müavininin rəhbərlik etdiyi xüsusi komissiya hazırda strateji investisiya layihələrini sürətləndirir və müxtəlif dövlət qurumları arasında koordinasiya işini həyata keçirir", - nazir bildirib.
M.Cabbarov Azərbaycanın coğrafi baxımdan dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, uzunmüddətli siyasət və davamlı investisiyalar hesabına beynəlxalq nəqliyyat qovşağına çevrildiyini vurğulayıb.
"Bu gün ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri hər iki istiqamətdə fəaliyyət göstərir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, ticarət donanmamız və Xəzər yük donanması Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin elementlərindən yalnız bəziləridir", - deyə o qeyd edib.
Nazir bildirib ki, Azərbaycan tərəfdaş dövlətlərlə birgə
çalışaraq bu dəhlizlər boyunca təhlükəsiz və etibarlı marşrut
formalaşdırıb.
"Yük daşımalarının həcmi hər il artır, potensial isə daha böyükdür.
Dünya Bankı 2023-cü il qiymətləndirməsində təxmin edib ki, düzgün
investisiyalar və səmərəlilik tədbirləri Orta Dəhliz boyu ticarət
axınlarını üç dəfə artıra və 2030-cu ilə qədər tranzit vaxtını iki
dəfə azalda bilər", - deyə M.Cabbarov bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı Avropa İttifaqının
bu marşruta yanaşmasında da öz əksini tapır.
M.Cabbarov qeyd edib ki, Azərbaycanın nəqliyyat dəhlizlərinin
ölkəyə aid hissələrinin tikintisi əsasən başa çatıb və növbəti
mərhələdə əsas diqqət xidmətlərin keyfiyyətinin artırılmasına
yönələcək.
"Bu dəhlizlərin bizə aid hissələrinin tikintisi başa çatıb, lakin növbəti mərhələ keyfiyyətlə – xidmət keyfiyyəti ilə bağlıdır. Məqsəd odur ki, Azərbaycandakı marşrutlar bugünkü geosiyasi mühitdə yalnız təhlükəsiz deyil, həm də xərc və vaxt baxımından rəqabətədavamlı olsun", - deyə nazir vurğulayıb.
O bildirib ki, tərəfdaş dövlətlərlə birlikdə rəqəmsallaşmaya və süni intellektə əsaslanan həllərə investisiyaların artırılması məhz bu məqsədə xidmət edir.
"Logistika terminalları, rəqəmsal xidmətlər və onların ətrafında formalaşan sənaye sahələri xüsusi investisiyalar üçün əlavə imkanlar yaradır", - M.Cabbarov deyib.
Nazir Cənubi Qafqazda sülh prosesinin regionun iqtisadi və investisiya potensialına yeni imkanlar yaratdığını da qeyd edib.
"2025-ci ilin avqustunda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri birgə bəyannamə imzaladılar və sülh sazişini parafladılar. Bu, Cənubi Qafqazdakı vəziyyəti dəyişdi və Mərkəzi Asiya ilə Cənubi Qafqazın daha geniş regionunun investisiya və iqtisadi kapitallaşmasını artırdı", - deyə o bildirib.
M.Cabbarovun sözlərinə görə, sülh əvvəllər əlçatmaz olan bazarlara, təchizat əlaqələrinə və investisiya imkanlarına çıxış yaradır.
"Biz nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçməyə can atırıq və buna görə də prioritetimiz bunu özəl sektorun rəhbərlik etdiyi, şaxələndirilmiş və ixracayönümlü iqtisadiyyata çevirməkdir", - deyə nazir vurğulayıb.
O bildirib ki, 2021-2025-ci illərdə Azərbaycanda qeyri-neft-qaz sektorunda real artım orta hesabla illik 6% təşkil edib, qeyri-neft sənayesi 50% böyüyüb, qeyri-neft-qaz ixracı isə iki dəfəyə yaxın artıb.
"2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71%-ni təşkil edib və 2030-cu ilə qədər bu göstəricinin 82%-ə çatacağı gözlənilir", - deyə M.Cabbarov bildirib.
Nazir Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb.
"2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası formatının tamhüquqlu iştirakçısı oldu. Praktik baxımdan Azərbaycan və Mərkəzi Asiya tranzit, logistika, enerji və investisiya yanaşmalarını getdikcə daha çox koordinasiya edirlər", - deyə o qeyd edib.
M.Cabbarov vurğulayıb ki, bu proseslər Azərbaycanda fəaliyyət
göstərən şirkətlər üçün yeni imkanlar yaradır.
"Azərbaycanda yerləşən bir şirkət üçün bu, bir tərəfdən Mərkəzi
Asiya bazarlarına, digər tərəfdən isə Türkiyə və Avropaya bağlı
olan istehsal bazası deməkdir", - deyə iqtisadiyyat naziri əlavə
edib.
