Bakı. Trend:
2026-cı ilin yanvar–avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azdır.
Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinin məlumatlarına əsaslanan hesabatına görə, ölkəyə gələnlərin ən böyük hissəsini Rusiya vətəndaşları təşkil edib – 27,9 faiz. Türkiyədən gələnlərin payı 19,4 faiz, İrandan gələnlərin payı isə 7,8 faiz olub. Onları Gürcüstan (4,8 faiz), Qazaxıstan (4,6 faiz) və İsrail (3,5 faiz) izləyib.
Ötən ilin yanvar–avqust ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6,6 faiz artaraq 77,8 min, MDB ölkələrindən gələnlərin sayı isə 3,1 faiz artaraq 619,5 min nəfərə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı 33,3 faiz azalaraq 192 min nəfər olub.
Azərbaycana gələn əcnəbilərin 73,1 faizi hava nəqliyyatından istifadə edib. Onların 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil edib.
Eyni dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,4 faiz azalaraq 1 milyon 384,5 min nəfər olub. Gedənlərin 43,9 faizi Türkiyəyə, 14,8 faizi Rusiyaya, 12,8 faizi Gürcüstana, 5,3 faizi isə İrana səfər edib. Türkiyəyə gedənlərin sayı illik müqayisədə 2,2 faiz, Gürcüstana gedənlərin sayı 13,6 faiz artıb. İrana gedənlərin sayı isə 41,2 faiz azalıb.
