Bakı. Trend:
Azərbaycan nəqliyyat dəhlizlərinə yalnız yük daşımaları kimi deyil, mallar və xidmətlər, enerji, məlumat, kapital və insan kapitalının hərəkətini təmin edən geniş iqtisadi platforma kimi yanaşır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazir bildirib ki, dəhlizlərin inkişafı yalnız tranzit imkanlarının genişləndirilməsi ilə məhdudlaşmamalı, onların ətrafında əlavə dəyər yaradan iqtisadi fəaliyyət formalaşdırılmalıdır.
"Biz inanırıq ki, dəhliz yalnız yük daşınması demək deyil. Əslində, burada beş əsas axını fərqləndirmək istərdik: mallar və xidmətlər, enerji, məlumat, kapital və ən vacibi insanlar, yəni kadrlar", - deyə M.Cabbarov vurğulayıb.
Onun sözlərinə görə, mallar və xidmətlər üzrə əsas məqsəd yalnız yükün bir məntəqədən digərinə daşınması deyil, əlavə dəyərin yaradılmasıdır.
"Regiondan gələn xammal burada emal olunaraq Türkiyə və Avropadakı istehlakçılara çatdırıla bilər. Bu proses platforma rolunu oynayan Ələt Azad İqtisadi Zonası və sənaye parklarımızın imkanlarından istifadə etməklə həyata keçirilir", - deyə nazir bildirib.
M.Cabbarov qeyd edib ki, enerji davamlılığı da Azərbaycanın regional dəhlizlərə töhfəsinin mühüm istiqamətlərindəndir.
O bildirib ki, yeni dəstək mexanizmləri müəyyən edilmiş limitlər çərçivəsində qeyri-neft ixracı üzrə nəqliyyat xərclərinin 70%-dək hissəsinin kompensasiya edilməsini nəzərdə tutur.
"Azərbaycanda fəaliyyət göstərən istehsalçı üçün bu, dəhliz boyunca və ondan kənardakı bazarlara güzəştli çıxış deməkdir", - deyə iqtisadiyyat naziri qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanın enerji sahəsində əsas məqsədlərindən biri zəngin bərpa olunan enerji potensialını ixrac imkanına çevirməkdir.
"İrihəcmli yaşıl enerji layihələri artıq aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda icra olunur. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanmış saziş Mərkəzi Asiyadan yaşıl enerji dəhlizinin təməlini qoydu. Eyni zamanda, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi bərpa olunan elektrik enerjisinin Avropa bazarlarına nəqli üçün layihələndirilir", - deyə M.Cabbarov bildirib.
O əlavə edib ki, bu layihələr investorlar üçün elektrik enerjisinin generasiyası və ötürülməsi, eləcə də enerji tutumlu sənaye sahələrində geniş imkanlar yaradır.
M.Cabbarov enerji və rəqəmsal bağlantıların bir-biri ilə sıx əlaqəli olduğunu qeyd edərək, Azərbaycanın rəqəmsal qovşağa çevrilməyi qarşıya məqsəd qoyduğunu bildirib.
"Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Trans-Caspian Fiber Optic kabel xətti Avropa və Asiya arasında yüksək ötürmə qabiliyyətinə malik yeni rəqəmsal bağlantı yaradacaq. Bu, Azərbaycana artıq qoyulmuş digər bağlantı investisiyaları ilə birlikdə Məlumat Mərkəzləri və süni intellekt infrastrukturu sahələrinə investisiya cəlb etməyə imkan verən rəqabətqabiliyyətli şərait yaradır", - deyə nazir vurğulayıb.
Nazir kapital axınları üzrə Azərbaycanın tərəfdaşları ilə riskləri bölüşməyə çalışdığını bildirib.
"Azərbaycan bir sıra tərəfdaş ölkələrlə birgə investisiya fondları təsis edib və çoxşaxəli investisiya platformalarında iştirak edir. Biz öz iqtisadiyyatımıza sərmayə qoymaqdan çəkinmirik. İnanırıq ki, dövlətlər özəl şirkətlərlə yanaşı investisiya qoyduqda, bu, etimad siqnalı verir və regional layihələrin risklərini azaldır", - deyə M.Cabbarov qeyd edib.
İqtisadiyyat naziri insan kapitalının inkişafının da iqtisadi dəhlizlərin formalaşmasında əsas amillərdən biri olduğunu bildirib.
"Günün sonunda hər şey insanlara, insanların məhsuldarlığına, insan kapitalına və istedada gəlib çıxır. Azərbaycan bu yola təxminən iyirmi il əvvəl Prezident İlham Əliyev tərəfindən imzalanan və Neft Fondu tərəfindən maliyyələşdirilən gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı ilə başlayıb. Bu proqram dünya səviyyəli təhsil almış minlərlə rəqabətqabiliyyətli azərbaycanlı mütəxəssisdən ibarət klaster formalaşdırıb", - deyə o bildirib.
M.Cabbarov qeyd edib ki, daxili istedad bazasının zənginləşdirilməsi məqsədilə yüksək ixtisaslı miqrantların, xüsusilə İT və data mütəxəssislərinin cəlb edilməsinə dair xüsusi qanunvericilik paketi hazırda parlamentdə nəzərdən keçirilir.
Nazir Azərbaycanın müxtəlif mədəniyyətləri bir araya gətirmək ənənəsinin də ölkənin regional iqtisadi rolunu müəyyən etdiyini vurğulayıb.
"COP29-dan tutmuş bu foruma qədər biz müxtəlif regionları və maraqları eyni masa arxasında toplamağa çalışırıq. Biz enerji və nəqliyyat tərəfdaşlığındakı təcrübəmizi yeni sənaye sahələrinə – mədənçıxarma və metallurgiyaya, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, kimya və neft-kimyaya, kənd təsərrüfatı və emal sənayesinə, eləcə də rəqabətqabiliyyətli enerji ilə çalışan sahələrə tətbiq edirik", - deyə M.Cabbarov bildirib.
O, investorları Azərbaycanda yeni layihələr həyata keçirməyə dəvət edib.
"Bütün bunlar sizi Azərbaycanda olmağa dəvət etdiyimiz sahələrdir. Çünki yalnız Azərbaycandan bir neçə regionun bazarlarına çıxış əldə etmək mümkün olduğuna görə deyil, həm də burada bir çoxunuz özünüzü evinizdəki kimi hiss edə bilərsiniz. Biz bu imkanları rəqabətqabiliyyətli məhsullara çevirmək üçün kapital, texnologiya və təcrübə gətirəcək tərəfdaşlar axtarırıq", - deyə iqtisadiyyat naziri əlavə edib.
