Bakı. Trend:
Azərbaycanda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirib.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimin planına uyğun olaraq şəxsi heyətin, silah və hərbi texnikanın, eləcə də aviasiya vasitələrinin iştirakı ilə müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqlar yerinə yetirilir.
Aviasiya vasitələri müəyyən olunmuş marşrutlar üzrə müxtəlif yüksəkliklərdə manevrlər edərək şərti düşmənin hava hədəflərinə, radar və zenit-raket komplekslərinə, hərbi texnikasına və terrorçuların yerüstü mövqelərinə zərbələr endirib.
Nazirlik bildirib ki, məşqlərin məqsədi pilotların praktiki bacarıqlarını təkmilləşdirmək, aviasiya ilə şəxsi heyətin uzlaşmış fəaliyyətini təmin etmək və mürəkkəb hava və relyef şəraitində tapşırıqları yerinə yetirmək qabiliyyətini yoxlamaqdır.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirak etdiyi “Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılış mərasimi Xocavənd rayonundakı “Qızılqaya” Təlim Mərkəzində keçirilib. Təlim ordular arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və birgə tapşırıqların icrası zamanı qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
