Bakı. Trend:
Geosiyasi qeyri-müəyyənliklərə və enerji qiymətlərindəki təzyiqlərə baxmayaraq, Şimali Makedoniya iqtisadiyyatında artım davam edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazir bildirib ki, ölkə iqtisadiyyatı cari ilin ilk yarısında 3,7 faiz artıb.
“Geosiyasi qeyri-müəyyənliklərə və enerji qiymətlərindəki təzyiqlərə baxmayaraq, iqtisadiyyatımız ilin ilk yarısında 3,7 faiz böyüyüb. İqtisadi fəallığın əsas hərəkətverici qüvvələrindən biri olan ümumi investisiyalar 9,3 faiz artıb. İkinci rübdə isə iqtisadi artım 4,3 faiz təşkil edib”, - deyə B.Durmişi qeyd edib.
Onun sözlərinə görə, Şimali Makedoniya Avropa və Avro-Atlantik inteqrasiyanı iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
“Şimali Makedoniya 2020-ci ildən NATO üzvüdür və Avropa İttifaqına üzvlüyə namizəd ölkədir. Aİ standartlarına uyğunlaşma və müxtəlif ticarət sazişləri ölkəmizə təxminən 650 milyon istehlakçıdan ibarət geniş bazara çıxış imkanı yaradır”, - nazir bildirib.
B.Durmişi enerji təhlükəsizliyinin ölkə sənayesinin rəqabət qabiliyyəti baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Enerji mənbələrinin şaxələndirilməsi və etibarlı enerji təchizatının təmin edilməsi sənayemizin rəqabət qabiliyyətinin əsas şərtlərindəndir. Bu istiqamətdə enerji şəbəkəsinin gücləndirilməsi, enerji saxlanc sistemlərinin inkişaf etdirilməsi və irimiqyaslı infrastruktur layihələrinin sürətləndirilməsi üzərində işləyirik”, - deyə o qeyd edib.
Nazir bildirib ki, həyata keçirilən infrastruktur layihələri tikinti sektorunda da artımı dəstəkləyib. Onun sözlərinə görə, tikinti sektoru ilin ilk yarısında 15 faiz böyüyüb.
B.Durmişi biznes mühitinin yaxşılaşdırılmasının da hökumətin əsas prioritetlərindən olduğunu deyib.
“İnzibati prosedurların sadələşdirilməsi, tənzimləyici yükün azaldılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması vasitəsilə biznes mühitini daha əlverişli etməyə çalışırıq”, - nazir vurğulayıb.
O, regional iqtisadi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə də toxunub.
“Qərbi Balkan ölkələri ilə "Vahid Regional Bazar" təşəbbüsü çərçivəsində malların, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkətini asanlaşdırırıq. Bu təşəbbüs regionun Avropa İttifaqının Vahid Bazarına inteqrasiyası üçün mühüm körpü rolunu oynayır”, - B.Durmişi əlavə edib.
