Bakı.Trend:
Azərbaycan yaşıl enerji məhsullarına investisiya cəlb etmək və ümumiyyətlə yaşıl keçid üçün böyük səylər göstərir.
Bu barədə Trend-ə açıqlamasında BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitri Şlapaçenko deyib.
O qeyd edib ki, yaşıl enerjiyə keçid yalnız mənəvi prinsiplərə söykənmir.
“Bu, mahiyyətcə həm də gəlirlidir. Biz davamlı istehsalata və davamlı məhsullara investisiya axtaran sənaye sahələrini gördük. İnvestorların təxminən 92%-i hazırda yaşıl enerjiyə keçid imkanlarını nəzərdən keçirir. BMT olaraq biz, təbii ki, bunun təbliğatını aparırıq və əsas investorlarla bir neçə sessiyamız olub”,- deyə o bildirib.
D. Şlapaçenko əlavə edib ki, yaşıl enerjiyə keçid ideyasını irəli aparmaq və onun üstünlüklərini izah etmək üçün Azərbaycanın ustalıqla ev sahibliyi etdiyi bir çox beynəlxalq platformadan istifadə olunub.
“Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan hökuməti arasında imzaladığımız çərçivə sənədimiz var. Bu 5 illik planda ətraf mühitə xüsusi diqqət ayrılıb”,- deyə o əlavə edib.
