Bizim üstünlüyümüz ixracyönümlü istehsalat şirkətləridir - Valeh Ələsgərov

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 13:18 (UTC +04:00)
Bizim üstünlüyümüz ixracyönümlü istehsalat şirkətləridir - Valeh Ələsgərov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bizim üstünlüyümüz Azərbaycan Respublikasından kənara ixrac ediləcək malların istehsalına yönəlmiş, yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsalat şirkətləridir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, uğurlu olmaq üçün biz sadəcə digər azad iqtisadi zonaları təkrarlamamalı, daha diqqətçəkən olmalıyıq.

“Ələt Azad İqtisadi Zonası ilə digər azad iqtisadi zonalar arasındakı fərq, onun rəqabət üstünlüklərinin genişliyindədir.

Ələt Azad İqtisadi Zonası Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində, Xəzər dənizinin yaxınlığında yerləşir. Bu o deməkdir ki, biz müştərilərimizə avtomobil yolları, dəmir yolları və dəniz yolları da daxil olmaqla hər cür nəqliyyat və loqistika xidmətləri təqdim edirik”,- deyə o bildirib.

V.Ələsgərov həmçinin əlavə edib ki, Ələt Azad İqtisadi Zonasının ən vacib tərəfi bizim qanunvericiliyimizdir.

“Digər ölkələrdə zonalar həmin ölkənin standart qanunları əsasında yaradılır. Bizdə isə Ələt Azad İqtisadi Zonası haqqında Azərbaycan Respublikasının Qanunu var. Bu, investorlar üçün çox vacib məqamdır”,- deyə o vurğulayıb.

Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İki gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.

Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti