Özbəkistan Azərbaycanla ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı gözləyir - Nazir (MÜSAHİBƏ)

İqtisadiyyat Müsahibə 25 Sentyabr 2026 12:43 (UTC +04:00)
Özbəkistan Azərbaycanla ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı gözləyir - Nazir (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan yaxın bir neçə il ərzində Azərbaycanla ticarət dövriyyəsini 2 milyard ABŞ dollarına çatdırmağı gözləyir.

Bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə müsahibəsində deyib.

Nazir bildirib ki, iki ölkə arasında ticarətin artırılması yalnız məhsulların qarşılıqlı mübadiləsi hesabına deyil, birgə investisiya layihələri vasitəsilə də həyata keçirilir.

“Biz ticarətimizi yalnız məhsulların sadə mübadiləsi hesabına deyil, birgə investisiyalar vasitəsilə də artırırıq. Özbəkistan Azərbaycanda tekstil sektoruna investisiya yatırır, avtomobil istehsalı üzrə birgə layihələrimiz var. Bu layihələr vasitəsilə ticarət dövriyyəsini artıra bilərik”, - deyə L.Kudratov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Özbəkistana yatırdığı investisiyalar da iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə imkan yaradır.

“Azərbaycan Özbəkistanda mədənçıxarma, enerji, qida və daşınmaz əmlak sektorlarına investisiya yatırır. Bütün bunlar böyük həcmdə yük və məhsul axını yaradacaq. İnanırıq ki, yaxın bir neçə il ərzində ticarət dövriyyəmizi 2 milyard dollara asanlıqla çatdıra biləcəyik”, - nazir vurğulayıb.

L.Kudratov iki ölkə arasında yeni investisiya istiqamətlərinin də müzakirə edildiyini qeyd edib.

“Hazırda əczaçılıq, tikinti materialları, kənd təsərrüfatı və qida emalı kimi yeni sahələrə baxırıq. Perspektivlər kifayət qədər müsbətdir”, - deyə o bildirib.

Nazir tikinti materialları istehsalı sahəsində əməkdaşlığın artıq konkret layihələrlə müşayiət olunduğunu söyləyib.

“Özbəkistanda tikinti materiallarının istehsalı ilə bağlı Azərbaycan investisiyası ilə həyata keçirilən layihələr artıq yaxın vaxtlarda tamamlanıb. İkinci mərhələ də başlayıb. Hazırda azərbaycanlı həmkarlarımızla Azərbaycanda yeni layihələri də müzakirə edirik. Bunlara tikinti materialları ilə yanaşı, Azərbaycanda inkişaf və inşaat layihələri də daxildir”, - L.Kudratov deyib.

Nazir Azərbaycan və Özbəkistanın Orta Dəhlizin inkişafında əməkdaşlığının da ticarət əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

“Biz artıq Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmini son bir neçə ildə iki dəfədən çox artırmışıq. Bu il də müsbət dinamika davam edir. Xəzər dənizi vasitəsilə yükdaşımaların həyata keçirilməsi üçün birgə müəssisə yaradırıq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Orta Dəhliz üzrə yükdaşımaların daha da artırılması üçün geniş imkanlar mövcuddur.

“Biz kifayət qədər nikbinik və Orta Dəhliz vasitəsilə ticarətin həcminin daha da artırılması və inkişaf etdirilməsi üçün çoxsaylı perspektiv və imkanlar görürük”, - nazir əlavə edib.

L.Kudratov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini də yüksək qiymətləndirib.

“Bu, çox yaxşı təşkil olunmuş tədbirdir. Burada keyfiyyətli auditoriya, çoxsaylı şirkətlər, investorlar və nazirlər iştirak edir. Bu, yalnız Azərbaycanı görmək və Azərbaycanla biznes imkanlarını müzakirə etmək üçün deyil, daha geniş region üçün də platforma yaradır”, - deyə nazir bildirib.

O qeyd edib ki, forum müxtəlif ölkələrin hökumət nümayəndələri ilə investorların bir araya gəlməsi və qarşılıqlı faydalı biznes imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platformadır.

“Bir çox hökumətlər və ölkələr burada investorlarla görüşə və qarşılıqlı faydalı biznes imkanlarını müzakirə edə bilərlər”, - L.Kudratov vurğulayıb.

L.Kudratov Azərbaycanda hasil olunan “Şahdəniz” qaz-kondensat yatağı ilə bağlı ayrıca danışıqların aparılıb-aparılmadığı barədə sualı cavablandırarkən hazırda bu məsələnin gündəlikdə olmadığını bildirib.

“Hazırda bununla bağlı məlumatım yoxdur. Düşünürəm ki, hələlik bu məsələ gündəmdə deyil”, - nazir deyib.

O, Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması planları barədə də məlumat verib. Nazirin sözlərinə görə, SOCAR üçün Özbəkistanın müxtəlif regionlarında məntəqələrin yaradılması imkanları nəzərdən keçirilir.

“Biz bütün regionları təklif etmişik, bütün vilayətlər üzrə və Daşkənddə mümkün lokasiyaları müəyyənləşdirmişik. İlk beş məntəqənin yeri artıq müəyyən edilib. Bunlar Daşkənd, Daşkənd vilayəti, Səmərqənd, Cizzax və Namanqandır”, - deyə L.Kudratov bildirib.

O qeyd edib ki, SOCAR nümayəndələri yaxın zamanda Özbəkistanda olub və əlavə lokasiyaları texniki baxımdan qiymətləndiriblər.

“SOCAR komandası təxminən bir həftə əvvəl Özbəkistanda olub. Onlar əlavə lokasiyalara da texniki baxımdan baxıblar. Biz açığıq, bazar böyükdür və tələbat çox yüksəkdir. Buna görə də SOCAR-ın Özbəkistan pərakəndə yanacaq bazarına daxil olması üçün bütün lazımi şəraiti yaratmağa hazırıq”, - nazir vurğulayıb.

L.Kudratov yanacaqdoldurma məntəqələrinin həm yeni tikinti, həm də mövcud obyektlərin modernləşdirilməsi və SOCAR brendi altında fəaliyyət göstərməsi yolu ilə yaradılacağını bildirib.

“Burada hər iki variant nəzərdə tutulur: həm sıfırdan tikinti, həm də mövcud yanacaqdoldurma məntəqələrinin modernləşdirilməsi və yenidən brendləşdirilməsi. Bu istiqamətdə də işlər fəal mərhələdədir”, - deyə nazir əlavə edib.

Nazir Azərbaycan və Özbəkistanın iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz üzrə əməkdaşlığın da iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

“Biz artıq Orta Dəhliz vasitəsilə yükdaşımaları son bir neçə ildə iki dəfədən çox artırmışıq. Bu il də müsbət dinamika davam edir. Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün birgə müəssisə yaradırıq. Orta Dəhliz üzrə ticarət həcminin daha da artırılması və genişləndirilməsi üçün böyük perspektivlər və imkanlar görürük”, - L.Kudratov deyib.

O, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun regional əməkdaşlıq baxımından əhəmiyyətini də yüksək qiymətləndirib.

“Bu, çox yaxşı təşkil olunmuş tədbirdir. Burada yüksək səviyyəli auditoriya, çoxlu sayda şirkət, investor və nazirlər iştirak edir. Bu forum yalnız Azərbaycanı görmək və Azərbaycanla biznes imkanlarını müzakirə etmək üçün deyil, daha geniş region üçün də platforma yaradır. Bir çox hökumətlər və ölkələr burada investorlarla görüşə, qarşılıqlı faydalı biznes imkanlarını müzakirə edə bilirlər”, - deyə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti